Ermənistan Avropaya Azərbaycan və Türkiyə üzərindən çıxmaq istəyir
Ermənistan qonşu ölkələrlə enerji sistemlərinin birləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyaya müsahibəsində bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan və Türkiyənin enerji sistemlərinə qoşulmaq Ermənistanın enerji təchizatının dayanıqlığını və etibarlılığını artırmağa imkan verəcək.
Kostanyan qeyd edib ki, təcrid siyasəti Ermənistana fayda vermir. Onun fikrincə, enerji əlaqələrinin genişləndirilməsi ölkəyə əlavə iqtisadi üstünlüklər qazandıra bilər.
Nazir müavininin sözlərinə görə, ilkin mərhələdə Ermənistan, Türkiyə və Azərbaycanın enerji sistemlərinin ada rejimi prinsipi ilə birləşdirilməsi, növbəti mərhələdə isə onların tam sinxronlaşdırılması nəzərdə tutulur.
Kostanyan Türkiyənin Avropanın enerji məkanının bir hissəsi olduğunu vurğulayaraq bildirib ki, bu ölkə ilə sinxronlaşma Ermənistanın Avropa enerji məkanına qoşulması demək olacaq.
O, həmçinin Ermənistanın Gürcüstanla enerji layihələri həyata keçirdiyini və İranla üçüncü elektrik ötürücü xəttinin tikintisini davam etdirdiyini xatırladıb.
Kübra Musayeva