Köçəryan ÖZ AMPLUASINDA: Bu dəfə TRIPP-i hədəf aldı
Siyasət
29.01.2026 18:07
Ermənistanın sabiq Prezidenti Robert Köçəryan mətbuat konfransında TRIPP layihəsini Ermənistan üçün “təhlükə” adlandıraraq regionda əməkdaşlıq və sülh təşəbbüslərinə qarşı revanşist, gərginlik yaradan mövqeyini növbəti dəfə nümayiş etdirib.
Maraqlıdır, o, TRIPP (Şimal-Cənub Nəqliyyat Dəhlizi) layihəsini niyə Ermənistan üçün “təhlükə” hesab edir və bu mövqeyi ilə nəyi hədəfləyir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Şakir Ağayev deyib ki, Köçəryan, yenə də öz ampluasındadır və o, Ermənistanda revanşist qüvvələrin başında dayanan liderlərdən biridir:

"Bu bəyanatı ilə Köçəryan həm İran, həm də Rusiya tərəfdən rəğbət qazanmaq istəyir, çünki TRIPP layihəsinin əleyhinə çıxır. Eyni zamanda bilirik ki, Ermənistanda qüvvələr balansı bölünüb. Paşinyana yaxın qüvvələr layihəni dəstəkləyir, əks qüvvələr isə öz mövqelərini gücləndirmək üçün layihənin əleyhinə çıxırlar".
Analitik qeyd edib ki, TRIPP Ermənistana imkanlar açır:
“TRIPP layihəsi Ermənistan üçün heç bir təhlükə yaratmır. Layihə Ermənistanı iqtisadi blokadadan çıxarır və Azərbaycan-Türkiyə sərhədlərinin açılması ilə ölkəyə enerji, logistika və ərzaq məhsulları sahəsində böyük imkanlar yaradır. Paşinyan isə Köçəryanın əksinə olaraq, həmişə belə layihələrin həyata keçirilməsinə dəstək verir”.
Ekspert əlavə edib ki, Köçəryan Paşinyandan fərqli olaraq, Ermənistanda hakimiyyətdə olduğu dövrdə ölkəni iqtisadi çətinliklərə sürükləyib və Azərbaycan torpaqlarının işğal altında qalması nəticəsində iqtisadi problemlər yaranıb. İndi Köçəryan belə şüarlarla xal toplamağa çalışır, amma bu ona o qədər də uğur gətirməyəcək.
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,Köçəryan,Ermənistan,Todaypress.tv,
