Fransa siyasətini dəyişir: Azərbaycansız Cənubi Qafqaz yoxdur!

Siyasət

28.01.2026 17:54

Paris Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Fransa XİN rəhbəri Jan-Noel Barro sərhədlərin açılmasının regional əməkdaşlığı, suverenliyi və rifahı gücləndirəcəyini bildirib.

Sual yaranır,  44 günlük müharibə vaxtı alov körükləyən Fransanın indi münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını dəstəkləməsində məqsədi nədir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki,  44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır:


"Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi situasiya formalaşıb. Artıq regionda prosesləri tənzimləyən əsas aktor Azərbaycandır və Azərbaycanın iradəsi olmadan Cənubi Qafqazda heç bir qlobal layihənin həyata keçirilməsi real görünmür".

Analitik qeyd edib ki, Qərbin Cənubi Qafqaza yanaşması dəyişib:

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti qlobal güclərin maraqlarını Cənubi Qafqazda uzlaşdıran əsas fiqura çevrilib. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bildiyimiz kimi, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin razılaşdırılması prosesi baş tutdu. Bu sənəddən sonra Cənubi Qafqazda Qərbin yanaşmasında fərqli mövqelərin formalaşdığını görürük".   

Ekspert vurğulayıb ki, Azərbaycan Fransanın təzyiqlərinin nəticəsiz olduğunu nümayiş etdirib:

"Məlum olduğu kimi, Fransa Ermənistan üzərindən Azərbaycana təzyiq göstərməyə çalışırdı. Avropanın müvafiq institutlarında, Fransanın təhriki ilə Azərbaycana qarşı bəyanatların və qərarların qəbul edilməsinin şahidi olmuşuq. Eyni zamanda Fransa parlamentində Azərbaycan əleyhinə dinləmələr keçirilmiş, qərarlar qəbul edilmişdir. Təbii ki, Azərbaycan bu təzyiqlərə adekvat cavab verib və verməkdə davam edir. Güc, təzyiq və şantaj yolu ilə Azərbaycanla danışmağın və nəsə əldə etməyin mümkün olmadığı artıq aydındır".

Onun sözlərinə görə, artıq Fransa dövləti də reallıqları nəzərə alaraq Azərbaycan Prezidentinin beynəlxalq aləmdə yüksələn imicinə və nüfuzuna şahidlik edir.

“Bu yaxınlarda Davosda keçirilən toplantıda Azərbaycan Prezidentinə olan münasibət bunun bariz nümunəsi oldu. Bu baxımdan Fransa yeni siyasi şəraitə uyğunlaşmağa çalışır”. 

A.Məsiyev qeyd  edib ki, Azərbaycanın balanslı siyasəti Cənubi Qafqazda stabillik yaradır:

"Eyni zamanda, Ermənistan və Azərbaycanın sülhlə bağlı münasibətlərinin normallaşmasından sonra Amerika Birləşmiş Ştatları da Azərbaycanla münasibətləri bərpa etməyə və Cənubi Qafqazda öz maraqlarını reallaşdırmağa çalışır. Azərbaycan isə xarici siyasətində açıq, çoxşaxəli və çoxvektorlu, balanslaşdırılmış siyasət həyata keçirir. Məhz bu balanslaşdırma siyasəti nəticəsində Azərbaycanda stabillik yaranıb və bu stabillik təkcə Azərbaycanla məhdudlaşmır, bütövlükdə Cənubi Qafqaza təsir göstərir".

Ekspert diqqətə çatdırıb ki, bu kontekstdə Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi məsələsi də gündəmdədir. Ümumilikdə Cənubi Qafqazda qlobal güclərin maraqları Azərbaycan üzərindən uzlaşdırılır. Məhz buna görə də Fransa bu proseslərdən kənarda qalmamaq üçün siyasi münasibətlərdə dəyişikliklər etməyə məcbur olur.

A.Məsiyev sonda diqqətə çatdırıb ki, Azərbaycan güc və təzyiqə boyun əymir. Reallıqları dərk edən tərəflər artıq buna uyğun qərarlar və bəyanatlar vermək məcburiyyətində qalırlar.

Jalə Rövşən

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,Fransa,Cənubi Qafqaz,Todaypress.tv,