Bakı və Brüssel dialoqu genişləndirir: Üç əsas istiqamət

Siyasət

29.01.2026 16:00

Analitik Elşad Mirbəşiroğlu Azərbaycan və Avropa İttifaqının hazırkı münasibətləri barədə TodayPress TV-yə danışıb.


O bildirib ki, son illər bu münasibətlərdə dinamik inkişaf müşahidə olunur:

"Bu günədək müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilib. Zaman-zaman, məsələn, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən və antiterror əməliyyatları həyata keçirdikdən sonra Avropa Parlamentində ölkəmizə qarşı bəzən qeyri-obyektiv mövqe sərgilənib. Lakin buna baxmayaraq, tərəflər arasındakı əməkdaşlıq davam edib".

O xatırladıb ki,  2021-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində razılaşma imzalanmışdı. Bu gün isə Azərbaycan Avropanın enerji bazarında ən fəal iştirakçılardan biridir. 2025-ci il statistikasına görə, Azərbaycan Avropa bazarına 12,8 milyard kubmetr təbii qaz ixrac edib və gələcəkdə bu həcmin artırılması üzrə də razılaşma imzalanıb.


Politoloqun qənaətincə, Avropa İttifaqı Orta Dəhlizdə Azərbaycanın roluna maraqlıdır: 

"Avropa İttifaqı Azərbaycanın birbaşa iştirakı ilə regionda həyata keçirilən nəqliyyat-logistika layihələrində də maraqlıdır, xüsusilə Orta Dəhliz layihəsində. Bu layihə Çindən Orta Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına malların çatdırılmasını təmin edir və kifayət qədər səmərəli hesab olunur. Layihənin həyata keçirilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq aktivdir və dinamik iş aparılır".

Analitik qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlığı izləyir: 

"Eyni zamanda Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyini də diqqətlə izləyir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Avropa İttifaqı tərəflər arasında müzakirələrin aparılmasında fəallıq göstərib. Bu baxımdan, nəqliyyat-logistika, enerji sahəsi və regionda yeni geosiyasi konfiqurasiya ətrafında Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq mövcuddur və dinamik fikir mübadiləsi aparılır".

Ekspert bildirib ki, ittifaq Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinə strateji önəm verir: 

"Avropa İttifaqı gələcəkdə Avropa bazarlarına çıxarılacaq alternativ nəqliyyat layihələrinin reallaşmasına da həssas yanaşır. Məsələn, Orta Dəhlizin bir komponenti olan Zəngəzur dəhlizi, yəni Naxçıvana dəmir yolunun çəkilməsi də Azərbaycanla Avropa İttifaqı arasında müzakirə olunan məsələlər sırasındadır. Bu məsələlər strateji əhəmiyyət kəsb edir və əməkdaşlığın xüsusi istiqamətlərini təşkil edir".

Onun sözlərinə görə üç əsas sahə — nəqliyyat-logistika, enerji və regionda sülh prosesi — Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərəkətverici qüvvələri rolunu oynayır.

E.Mirbəşiroğlu həmçinin vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafında fəallıq göstərir və gələcəkdə Avropa bazarına yaşıl enerjinin çıxarılması üçün infrastruktur layihələrinə start verilib. Məsələn, Qara dəniz üzərindən yaşıl enerjinin ötürülməsi üçün kabelin çəkilməsi və Azərbaycan ərazisində yaşıl enerji infrastrukturunun qurulması perspektivli əməkdaşlıq sahəsi hesab olunur.   

Qeyd edək ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.  Danışıqlar zamanı sülh gündəliyi, regional əlaqələr, minalardan təmizləmə və Orta Dəhliz üzrə əməkdaşlıq müzakirə edilib. 

Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Aİ,Azərbaycan,Todaypress.tv,