Azərbaycan bu ssenariyə imkan verməyəcək!
Siyasət
28.01.2026 15:51
“Ermənistanın silahlanması daim nəzarətdə saxlanılmalıdır”.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın silahlanması birmənalı şəkildə təhlükəli prosesdir:
“Ermənistan cəmiyyətinin qeyri-adekvatlığı nəzərə alınarsa, indiki hakimiyyətin sülh istəkləri gələcəkdə başqa hakimiyyətlər dövründə müharibə ritorikası, hətta real müharibə niyyətləri ilə əvəz oluna bilər. Azərbaycanın Ermənistandan bütün hallarda daha güclü orduya sahib olduğu reallığı fonunda Ermənistanın silahlanmasının hazırda ciddi təhlükə yaratmaq potensialı yoxdur. Lakin məsələyə bu qədər sadə yanaşmaq da doğru olmaz”.
Politoloq vurğulayıb ki, Ermənistanın Rusiya ilə münasibətlərində yarana biləcək gərginlik və hətta mümkün müharibə ehtimalları da nəzərdən qaçırılmamalıdır:
“Ermənistanın öz təhlükəsizliyini qorumaq hüququ var. Ancaq bu prosesdə geosiyasi və regional maraqların da nəzərə alınması zəruridir. Əks halda, atılan addımlar regionda yeni risklər yarada bilər”.
Azər Qasımov hesab edir ki, Ermənistanın silahlanması mütləq nəzarətdə saxlanılmalı və bu ölkənin bütün hakimiyyətlərinə indidən açıq mesajlar verilməlidir:
“Əgər günlərin birində Ermənistanın hansısa hakimiyyəti revanşist düşüncələrə qapılaraq bu silahlardan istifadə etməyə cəhd göstərərsə, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq. Heç bir riskə məhəl qoymadan Ermənistanın dövlət kimi gələcəyini təhlükə altına qoyacaq”.
Ekspert qeyd edib ki, Azərbaycan bir dəfə Ermənistanın cinayətkar hərəkətlərini bağışlayıb, lakin bu, sonuncu dəfə olub:
“Azərbaycan növbəti dəfə belə bir ssenariyə imkan verməyəcək. Ermənistan bunu qulağında yaxşı sırğa etməlidir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Paşinyan Ordu Günü ilə bağlı müraciətində bildirib ki, Ermənistan Azərbaycanla müharibəyə hazırlaşmır.

“Müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, - Paşinyan deyib.
O əlavə edib ki, Ermənistan ordusunu gücləndirməyə davam edəcək, çünki güclü ordusu olmayan ölkə zəifdir və aqressiyaya məruz qalmaq riski daşıyır.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Azərbaycan,Ermənistan,Todaypress.tv,
