Ərzaqlarınızın tez xarab olmasının səbəbi bu ola bilər
Qış aylarında elektrik enerjisinə qənaət etmək məqsədilə soyuducunun soyutma səviyyəsini azaltmaq düzgün deyil. Çünki havaların soyumasına baxmayaraq, soyuducunun daxilində qidaların təhlükəsiz saxlanılması üçün temperatur sabit qalmalıdır.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, soyuducuda ideal temperatur təxminən 4 dərəcə və ya daha aşağı olmalıdır. Mütəxəssislər qidaların saxlanılması üçün 3-4 dərəcə aralığını optimal hesab edirlər. Dondurucu kamerada isə temperatur mənfi 18 dərəcə olmalıdır.
Bildirilib ki, soyuducunun üzərindəki daxili göstərici hər zaman real temperaturu əks etdirməyə bilər. Buna görə də temperaturun xüsusi soyuducu termometri ilə yoxlanılması tövsiyə olunur. Xüsusilə soyutma səviyyəsi 1-dən 5-ə qədər rəqəmlərlə tənzimlənən modellərdə bu məqama diqqət yetirilməlidir.
Qeyd olunur ki, bəzi istifadəçilər qışda havanın soyuq olmasını əsas gətirərək soyuducunun soyutma gücünü azaldırlar. Lakin evin temperaturu ilə çöldəki hava temperaturu fərqlidir və soyuducu qapalı mühitdə işləyir. Bundan başqa, cihaz radiator, soba və digər istilik mənbələrinin yaxınlığında yerləşdirildikdə daha intensiv işləməli ola bilər.
Məhsulların düzgün yerləşdirilməsi də onların uzun müddət təzə qalmasına təsir edir. Çiy ət və balığın şirəsinin digər qidalara tökülməməsi üçün onları bağlı qablarda aşağı rəfdə saxlamaq məsləhət görülür. Süd məhsulları orta rəflərdə, meyvə və tərəvəzlər isə xüsusi siyirmələrdə yerləşdirilməlidir.
Soyuducunun qapısında temperatur tez-tez dəyişdiyi üçün burada souslar, içkilər və temperatur fərqinə daha davamlı məhsulların saxlanılması tövsiyə edilir.
Həmçinin soyuducunu həddindən artıq doldurmaq məsləhət görülmür. Soyuq havanın kamerada sərbəst dövr etməsi temperaturun sabit qalması baxımından vacibdir.
Kübra Musayeva