Həftədə bir dəfə bunu edənlər daha gec qocalır
Britaniyalı alimlər müəyyən ediblər ki, incəsənətlə müntəzəm təmasda olmaq orqanizmin bioloji yaşlanmasını ləngidə bilər.
TodayPress TV xəbər verir ki, “Well.pl” nəşrinin məlumatına görə, həftədə ən azı bir dəfə mahnı oxuyan, rəqs edən, foto çəkən, sərgilərə və muzeylərə gedən insanlarda bioloji yaşlanma göstəriciləri daha yaxşı olub.
London Universitet Kollecinin professoru Deyzi Fankortun həmmüəllifi olduğu araşdırmada Böyük Britaniyada yaşayan 3556 yetkin şəxsin həyat tərzi və qan analizləri müqayisə edilib. Tədqiqat zamanı DNT-də yaşla əlaqədar dəyişən kimyəvi markerlər araşdırılaraq iştirakçıların bioloji yaşı və yaşlanma sürəti qiymətləndirilib.
Nəticələr göstərib ki, həftədə ən azı bir dəfə incəsənətlə məşğul olan insanların yaşlanma sürətini göstərən bəzi göstəriciləri ildə cəmi bir-iki dəfə belə fəaliyyətlə məşğul olanlarla müqayisədə bir neçə faiz aşağıdır.
Maraqlıdır ki, bu fərq fiziki məşqlərlə müntəzəm məşğul olan insanlarla idman etməyənlər arasındakı fərqə yaxın olub. Digər testin nəticələrinə əsasən isə incəsənətlə müntəzəm təmasda olanların bioloji yaşı orta hesabla təxminən bir il daha az olub.
Alimlər bu əlaqəni incəsənətin insan sağlamlığına müxtəlif istiqamətlərdən təsiri ilə izah edirlər. Məsələn, kollektiv şəkildə mahnı oxumaq sosial ünsiyyəti artırır, rəqs fiziki aktivliyi təmin edir, rəsm çəkmək isə diqqət və emosiyaları hərəkətə gətirir.
Tədqiqat müəllifləri hesab edirlər ki, incəsənətlə məşğul olmaq stressi azaltmaqla da yaşlanma prosesinə müsbət təsir göstərə bilər. Çünki uzunmüddətli stressin bioloji yaşlanmanı sürətləndirdiyi, əvvəlki araşdırmalarda isə incəsənətin iltihabi proseslərin azalması ilə əlaqəli olduğu göstərilib.
Bununla belə, tədqiqat incəsənətin birbaşa yaşlanmanı ləngitdiyini sübut etmir, yalnız bu fəaliyyətlər arasında əlaqə olduğunu göstərir.
Kübra Musayeva