Nənələrimizin evdə fit çalmağa icazə verməməsinin SİRRİ
Uşaqlıqdan bir çox insana evdə fit çalmamağı tövsiyə ediblər. Valideynlər və nənə-babalar bu qadağanın səbəbini hər zaman izah etməsələr də, onun kökləri qədim xalq inanclarına gedib çıxır.
TodayPress TV xəbər verir ki, “Kobieta Interia” nəşrinin məlumatına görə, xalq arasında fit çalmağın evdən ruzi-bərəkəti, xoşbəxtliyi və rahatlığı uzaqlaşdırdığına inanılıb. Hesab edilib ki, fit səsi evdən dincliyi və bolluğu apararaq yoxsulluq və bədbəxtlik gətirir.
Bu inancın yaranması fit səsinin boş otaqda əsən küləyin uğultusuna bənzədilməsi ilə də əlaqələndirilir. Belə səs yoxsulluğun və boşluğun rəmzi hesab olunub.
Qadağanın daha praktik səbəbi də olub. Kəskin və yüksək fit səsləri ətrafdakı insanları narahat etdiyindən, xüsusilə sakitliyə üstünlük verən böyüklər uşaqların evdə fit çalmasına qarşı çıxıblar.
Qədim inanclarda ev ruhunun qəzəbi
Bu qadağanın başqa bir səbəbi isə slavyan xalqlarının inancları ilə bağlıdır. Həmin inanclara görə, evlərdə ailəni və təsərrüfatı qoruyan “domovoy” adlı ruh yaşayıb.
Folklorda bu ruh balacaboy, yaşlı kişi obrazında təsvir edilib. Onun ev sakinlərinə kömək etdiyi və yaşayış yerini qoruduğu düşünülüb. Lakin fit səsinin domovoyu qəzəbləndirdiyinə inanılıb.
İnanca görə, evdə fit səsi eşidən ruh yaşayış yerini qorumağı dayandırır, nəticədə evə şər qüvvələr daxil ola, xaos və xəstəliklər baş verə bilər.
Maraqlıdır ki, oxşar inanclar Asiya və ərəb ölkələrinin bəzi mədəniyyətlərində də mövcuddur. Həmin ölkələrdə, xüsusilə gecə saatlarında evdə fit çalmağın pis ruhları və azmış ruhları cəlb edə biləcəyinə inanılır.
Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrdə isə gecə fit çalmaq cinləri çağırmaqla əlaqələndirilir.
Kübra Musayeva