Cəmi 2 santimetrlik böcək mühəndisləri heyrətləndirdi – SƏBƏBİ

Cəmi 2 santimetrlik böcək mühəndisləri heyrətləndirdi – SƏBƏBİ
09.11.2026 06:48 Maraqlı

ABŞ alimləri avtomobilin ağırlığına tab gətirə bilən böcəyin zireh quruluşunu araşdıraraq aviasiya sənayesində istifadə oluna biləcək yeni mühəndislik həlləri üzərində işləyirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “ZME Science” nəşri məlumat yayıb.

Söhbət ABŞ-nin qərb bölgələrində yaşayan, təxminən 2 santimetr uzunluğunda olan Phloeodes diabolicus növündən gedir. Qanadsız bu böcəyin əsas xüsusiyyəti olduqca möhkəm ekzoskeletə malik olmasıdır. Onun zirehinin iki hissəsi pazl parçaları kimi bir-birinə birləşir. Bu quruluş təzyiqin bərabər paylanmasına və zirehin dağılmasının qarşısının alınmasına imkan verir.

2020-ci ildə Kaliforniya Universitetinin İrvin kampusu və Purdue Universitetinin alimləri tərəfindən aparılan araşdırma göstərib ki, böcəyin ekzoskeleti təxminən 150 nyuton qüvvəyə tab gətirə bilir. Bu, onun öz çəkisindən təxminən 40 min dəfə artıq yük deməkdir. Müqayisə üçün, avtomobil təkərinin böcəyin üzərindən keçməsi zamanı yaranan təzyiq təxminən 100 nyutona çatır.

Tədqiqatçılar müəyyən ediblər ki, böcəyin zirehi yalnız təzyiqə müqavimət göstərmir, həm də yükü idarəolunan şəkildə deformasiya edərək enerjini udur. Həddindən artıq təzyiq zamanı onun daxili təbəqələri tədricən bir-birindən ayrılır və bununla da bütün konstruksiyanın qəfil dağılmasının qarşısı alınır.

Alimlər bu xüsusiyyətləri mühəndislik sahəsində tətbiq etməyə də başlayıblar. 2020-ci ildə böcəyin zireh quruluşundan ilhamlanaraq karbon kompozitindən xüsusi birləşdirici konstruksiya hazırlanıb. Bu konstruksiya ənənəvi aviasiya birləşmələri qədər möhkəm olmaqla yanaşı, enerjini daha yaxşı udmaq qabiliyyəti nümayiş etdirib.

2026-cı ildə aparılan başqa bir araşdırmada isə eyni prinsipdən aviasiyada istifadə olunan kompozit materialların təmiri zamanı yararlanmaq imkanları sınaqdan keçirilib. Nəticələr göstərib ki, bu üsulla hazırlanan birləşmələr ənənəvi təmir konstruksiyaları ilə müqayisədə dartılma zamanı 30,47 faiz daha yüksək maksimal yükə davam gətirib.

Bununla belə, texnologiya hələlik təyyarələrdə birbaşa istifadə üçün hazır deyil. Araşdırmalar təbiətdə milyonlarla il ərzində formalaşmış müdafiə mexanizmlərinin daha davamlı və zədələrə qarşı dayanıqlı aviasiya konstruksiyalarının hazırlanmasına kömək edə biləcəyini göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər