İtmiş xalqın son izləri tapıldı: Qrenlandiyada əsrlərin sirri açılır

İtmiş xalqın son izləri tapıldı: Qrenlandiyada əsrlərin sirri açılır
03.11.2026 03:47 Maraqlı

Qrenlandiyanın cənubunda arxeoloqlar XIII əsrdə inşa edildiyi ehtimal olunan dini tikilinin qalıqlarını aşkar ediblər. Tapıntı adada məskunlaşmış skandinaviyalıların həyat tərzi, təsərrüfat fəaliyyəti və sonradan bölgəni tərk etmələrinin səbəbləri barədə yeni məlumatlar əldə etməyə imkan yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.

Kilsənin qalıqları Narsarsuaq yaxınlığındakı Kinqva bölgəsində aşkarlanıb. Qazıntılara rəhbərlik edən arxeoloq Kristian E.K. Madsenin sözlərinə görə, tikilinin dəqiq yeri ötən ilin sonlarında aparılan araşdırmalar zamanı müəyyən edilib. Binanın uzunluğunun 8-10 metr, eninin isə 3-4 metr olduğu ehtimal edilir. Ərazidə ən azı bir qəbir də tapılıb.

Tapıntının əhəmiyyətini artıran əsas məqamlardan biri kilsənin ətrafında üç təsərrüfatın yerləşməsidir. Arxeoloqlar hesab edirlər ki, bu təsərrüfatların sakinləri torpaq sahələrindən və təbii resurslardan birgə istifadə ediblər. Madsen belə yaşayış məntəqəsini kənd icmasının ilkin forması kimi xarakterizə edib.

Araşdırmalar göstərir ki, skandinaviyalıların əsas gəlir mənbəyi əkinçilik deyil, dəniz ovçuluğu olub. Sərt iqlim və əkinçilik mövsümünün qısa olması səbəbindən yerli əhali əsasən morj, ağ ayı və narval ovlayıb. Bu heyvanların dişləri və dəriləri Avropa bazarlarında, eləcə də Yaxın Şərq və Mərkəzi Avrasiyada satılıb.

“Kinqva bölgəsindəki təsərrüfatlar dəniz ovçuluğu üçün baza rolunu oynayırdı”, – deyə Madsen bildirib.

Arxeoloqun sözlərinə görə, kilsə Qrenlandiyada fəaliyyət göstərən kiçik xristian ibadətgahları şəbəkəsinin bir hissəsi olub. O, bunların Şimali Amerika qitəsindəki ilk katolik kilsələrdən olduğunu vurğulayıb.

Skandinaviyalılar adaya X əsrin sonlarında gəliblər. Təxminən 1200-cü ildən etibarən müasir inuitlərin əcdadları da burada yaşamağa başlayıblar. İki icma təxminən 250 il ərzində eyni ərazidə mövcud olub.

Lakin sonradan skandinaviyalıların Qrenlandiyadakı məskənləri tədricən tənəzzülə uğrayıb. Buna səbəb kimi iqlimin soyuması, torpaqların münbitliyini itirməsi, morj dişlərinə tələbatın azalması və dəniz əlaqələrinin zəifləməsi nəticəsində adanın təcrid olunması göstərilir.

Skandinaviyalıların yaşayış məntəqələri ən geci 1450-ci ilə qədər tərk edilib.

Arxeoloqlar yeni qazıntılar vasitəsilə icmanın necə inkişaf etdiyini və onun süqutuna gətirib çıxaran amilləri daha dəqiq müəyyənləşdirməyə ümid edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər