Norveç mətbuatı “Sabah”ı belə təqdim etdi: “Heç kimin tanımadığı komanda”

Norveç mətbuatı “Sabah”ı belə təqdim etdi: “Heç kimin tanımadığı komanda”
03.11.2026 01:26 İdman

Norveç mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Vikinq”lə qarşılaşacaq “Sabah” klubuna diqqət ayırıb.

TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, “Stavanger Aftenblad” qəzeti Bakı təmsilçisi haqqında “Heç kimin tanımadığı Çempionlar Liqası komandası indi “Vikinq”lə qarşılaşacaq” başlıqlı məqalə dərc edib.

Yazıda “Sabah”ın cəmi doqquz illik tarixə malik olduğu və heyətində 16 ölkədən futbolçuların yer aldığı vurğulanıb. Norveç nəşri Azərbaycan klubunu yerli oxuculara təqdim edərkən onun nisbətən gənc komanda olmasını ön plana çıxarıb.

Stavanger qəzeti qarşıdakı görüş üçün ayrıca xəbər səhifəsi də yaradıb. Burada “Vikinq” - “Sabah” qarşılaşması ilə bağlı məlumatların yayımlanması nəzərdə tutulur.

Oyun ərəfəsində Norveç təmsilçisinin vəziyyəti də diqqət çəkir. “Vikinq” Çempionlar Liqasının ilk üç turunda cəmi bir xal toplayıb. Komanda “Aston Villa” və “Ştutqart”a 1:3 hesabı ilə uduzub, “Bavariya” ilə isə 3:3 hesablı heç-heçə edib.

“Sabah” isə Norveçə optimal heyətlə yollanıb. Klubun mətbuat xidmətinin məlumatına görə, əvvəlki oyunu buraxan Stiv Solvet də komandanın düşərgəsindədir. Onun meydana çıxıb-çıxmayacağına məşqçilər qərar verəcəklər.

Azərbaycan təmsilçisi səfər matçında azarkeş dəstəyindən də məhrum olmayacaq. Stavangerdə “Sabah”ı təxminən 200 azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Vikinq” - “Sabah” görüşü noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər