Kadırov Putinə yox, Bakıya qaçdı – Onu Azərbaycana gətirən TƏCİLİ SƏBƏB…
Geosiyasi marşrutlarda təsadüf olmur, xüsusən də söhbət Qafqazdan gedirsə.
Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçildikdən sonra ilk rəsmi xarici səfərini Moskvaya deyil, birbaşa Bakıya reallaşdırdı. Şimali Qafqazın ən mühüm subyektinin rəhbərinin Kremldən öncə Cənubi Qafqazın lider dövlətinin qapısını döyməsi, əlbəttə, diqqəti cəlb edir.
Bəs, Qroznının Bakı ilə bu qədər təcili gündəliyi nədir və Rusiya xəttə necə baxır?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələr üzrə analitik Tamilla Qulami düşünür ki, səfər siyasi baxımdan maraq doğursa da, Putinin müsbət rəyi olmasa, Kadırov bu addımı atmazdı:

“Bütün bunlara baxmayaraq, məsələni yalnız şəxsi münasibətlər və yaxınlıq əlaqələri kontekstində qiymətləndirmirəm. Burada iqtisadi maraqlar, regional əməkdaşlıq və siyasi mesajlar da mühüm rol oynayır.
İlk növbədə qeyd edim ki, Azərbaycan Çeçenistan üçün iqtisadi və humanitar baxımdan əhəmiyyətli tərəfdaşdır. Bakı regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən biri olmaqla yanaşı, geniş beynəlxalq əlaqələrə və investisiya imkanlarına malikdir. Qroznı üçün Azərbaycanla əməkdaşlığın genişləndirilməsi ticarət, tikinti, investisiya və biznes əlaqələrinin inkişafı baxımından əlavə imkanlar deməkdir. Çeçenistanın iqtisadi potensialının artırılması və regionun inkişafı baxımından Azərbaycanın təcrübəsi də maraq doğurur”.
T.Qulami Kadırovun Bakıya səfərinin siyasi simvolika baxımından da maraqlı olduğunu bildirib:
“Belə ki, ilk səfərin istiqaməti müəyyən mənada Çeçenistan rəhbərliyinin Azərbaycanla münasibətlərə önəm vermək istədiyini göstərsə də, bu səfəri Moskva ilə münasibətlərdə narazılıq və ya Rusiyanın mərkəzi hakimiyyətinə qarşı siyasi mesaj kimi təqdim etmək üçün hər hansı bir əsas yoxdur. Çeçenistan Rusiya Federasiyasının subyektidir və yuxarıda da qeyd etdiyim kimi, Kadırovun siyasi fəaliyyəti ümumilikdə Kremlə bağlıdır. Buna görə də səfərin Moskva ilə münasibətlərə təsirini şişirtməyi düzgün hesab etmirəm.
Bakı hərtərəfli şəkildə regional sabitliyin qorunmasında, qonşu xalqlarla münasibətlərin inkişafında və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xüsusi olaraq qeyd edim ki, bütün bunlara baxmayaraq, Bakı–Qroznı təyyarə qəzası ilə bağlı faciəvi hadisə Azərbaycan–Rusiya münasibətlərinin həssas məqamlarından biri olaraq hələ də qalır. Düşünürəm ki, Qroznı tərəfdən bu kontekstdə qarşılıqlı hörmətə əsaslanan dialoqun aparılması və etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bir daha qeyd edim ki, Qroznının Bakıya marağı, ilk növbədə, iqtisadi tərəfdaşlıq, regional əlaqələr və siyasi nüfuz imkanları ilə bağlıdır. Belə ki, Kadırovun səfəri yalnız protokol xarakterli hadisə deyil, həm də tərəflərin əməkdaşlıq imkanlarını nümayiş etdirən siyasi addımdır. Bundan sonra əsas məsələ bu səfərin konkret iqtisadi və humanitar nəticələrə çevrilib-çevrilməyəcəyidir”.
Analitik Çeçenistan üçün regionda güclü dövlətə çevrilən Azərbaycana səfərin böyük əhəmiyyət daşıdığını bildirərək fikrini yekunlaşdırıb.
Qiymət Mahir