Arıqlamaq istəyənlərin çoxunun bilmədiyi həqiqət üzə çıxdı

Arıqlamaq istəyənlərin çoxunun bilmədiyi həqiqət üzə çıxdı
11.10.2026 06:38 Sağlamlıq

Arıqlama zamanı bədəndəki yağların böyük hissəsi tərlə deyil, nəfəsvermə zamanı karbon qazı şəklində orqanizmdən xaric olur. Alimlər yağ itkisi ilə bağlı bu prosesin necə baş verdiyini izah ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” nəşri “The Conversation” platformasında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Məlumata görə, orqanizm qidadan aldığı enerjini gündəlik tələbatını ödəmək üçün kifayət etmədikdə yağ ehtiyatlarından istifadə etməyə başlayır. Qida ilə qəbul edilən yağlar həzm sistemində yağ turşularına parçalanır. Orqanizm bu maddələrin bir hissəsini hüceyrələrin qurulması, hormonların tənzimlənməsi və daxili orqanların qorunması üçün istifadə edir. Artıq hissə isə triqliseridlər şəklində yağ hüceyrələrində toplanır.

Bədəndə yağ əsasən iki formada yığılır: dərialtı yağ və daxili orqanların ətrafında toplanan visseral yağ.

Kalori çatışmazlığı yarandıqda hormonal və sinir siqnalları yağ hüceyrələrində toplanan ehtiyatların parçalanmasını stimullaşdırır. Lipoliz adlanan bu proses zamanı triqliseridlər parçalanır, yağ turşuları hüceyrələrdə enerji istehsalında iştirak edir.

Tədqiqatçıların izahına görə, bu prosesin son məhsulları əsasən karbon qazı və sudur. Orqanizmin itirdiyi yağın təxminən 84 faizi karbon qazına çevrilərək nəfəsvermə zamanı xaric olur. Təxminən 16 faizi isə suya çevrilərək tər və digər bədən mayeləri vasitəsilə orqanizmdən çıxır.

Alimlər bu göstəricilərin təxmini olduğunu vurğulayırlar. Yağ itkisi zamanı orqanizmdən xaric olunan bütün maddələrin dəqiq ölçülməsi çətindir.

Mütəxəssislər bildirirlər ki, sürətli nəfəs almaq öz-özlüyündə arıqlamağa səbəb olmur. Nəfəsvermə yağ parçalanması nəticəsində yaranan karbon qazının xaric olunma yoludur, lakin yağ yandırılması prosesini başladan amil deyil.

Arıqlama üçün əsas şərt qidalanma və fiziki aktivlik vasitəsilə kalori çatışmazlığının yaradılmasıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər