İşıq pulunuz çox gəlirsə, bu xəbər sizin üçündür
Elektrik cihazlarından istifadə zamanı sadə bir vərdişə yiyələnmək ay ərzində onlarla kilovat-saat elektrik enerjisinə qənaət etməyə imkan verə bilər.
TodayPress TV xəbər verir ki, “Maison & Travaux” nəşrinin peşəkar elektrik mütəxəssislərinin qiymətləndirmələrinə istinadən yaydığı məlumata görə, söndürülsə də, elektrik şəbəkəsinə qoşulu qalan cihazlar ev təsərrüfatlarının enerji xərclərini artıra bilər.
Məlumata əsasən, elektrik enerjisi hesabının təxminən 8 faizi gözləmə rejimində olan cihazların payına düşə bilər. Bu göstərici evdəki texnikanın sayından, yaşından və funksiyalarından asılıdır. Belçikanın “Energuide” məlumat platforması isə bu cür enerji sərfiyyatının ümumi istehlakın 5–8 faizini təşkil edə biləcəyini bildirir.
Əlavə enerji sərfiyyatının əsas mənbələri arasında televizorlar, internet marşrutlaşdırıcıları (routerlər), oyun konsolları, masaüstü kompüterlər, monitorlar və şarj cihazları göstərilir. Bu cihazlar söndürüldükdən sonra da şəbəkəyə qoşulu qaldıqda enerji sərf etməyə davam edə bilər.
Mütəxəssislər gizli enerji sərfiyyatını müəyyən etmək üçün ilk növbədə qonaq otağında və iş yerində istifadə olunan cihazları yoxlamağı tövsiyə edirlər. Söndürüldükdən sonra da işıq indikatorları və rəqəmsal ekranları yanılı qalan texnikaya xüsusi diqqət yetirilməlidir.
Elektrik xərclərini azaltmaq üçün yaxın bir neçə saat ərzində istifadə olunmayacaq cihazları tam söndürmək və elektrik şəbəkəsindən ayırmaq məsləhət görülür.
Qeyd edək ki, faktiki qənaət cihazların sayından, enerji sərfiyyatından və istifadə müddətindən asılıdır.
Kübra Musayeva