Dünyanın ən bahalı uçuşlarından biri: B-52 saatda 70 min dollar “yandırır”
ABŞ-nin strateji bombardmançısı Boeing B-52 böyük yanacaq sərfiyyatı ilə diqqət çəkir. Təyyarə uçuş zamanı dəqiqədə təxminən 208 litr aviasiya yanacağı sərf edə bilir.
TodayPress TV xəbər verir ki, bu barədə “WION” nəşri məlumat yayıb.
Məlumata görə, B-52 bombardmançısının çəkisi 176 tondan çoxdur. Təyyarə səkkiz ədəd Pratt & Whitney TF33 turbojet mühərriki ilə təchiz olunub. Bu mühərriklər böyük dartı qüvvəsi yaratsa da, yanacaq sərfiyyatını da artırır.
Nəşrin yazdığına görə, uçuş zamanı mühərriklər maksimum gücdə işlədikdə təyyarə saatda 3 300 ABŞ qallonu, yəni 12 490 litrdən çox yanacaq sərf edə bilər. Bu, dəqiqədə təxminən 208 litr deməkdir.
Stratosferdə uçuş zamanı isə bombardmançı hər milə təxminən 17,3 litr yanacaq sərf edir. Bir mil 1,61 kilometrə bərabərdir.
B-52 uzaq məsafələrə uçmaq üçün qanadlarında və gövdəsində ümumilikdə 48 min ABŞ qallonu, yəni təxminən 181 700 litr yanacaq daşıya bilir. Təyyarə yanacaq doldurmadan 14 162 kilometr məsafə qət edə bilər. Daha uzun uçuşlar zamanı isə havada yanacaq doldurulmasından istifadə olunur.
Məlumata əsasən, B-52 bombardmançısının bir saatlıq uçuşunun ABŞ Hərbi Hava Qüvvələrinə təxminən 70 min dollara başa gəldiyi bildirilir.
Xərcləri azaltmaq üçün ABŞ B-52J modernizasiya proqramını həyata keçirir. Dəyəri 48,6 milyard dollar olan proqram çərçivəsində təyyarələrin Rolls-Royce F130 mühərrikləri ilə təchiz edilməsi nəzərdə tutulur. Yeni mühərriklərin yanacaq səmərəliliyini 30 faiz artıracağı gözlənilir.
Kübra Musayeva