Laçın Şərqi Zəngəzurun sənaye istehsalında liderdir
2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda 86 milyon 292 min manatlıq sənaye məhsulu istehsal olunub.
TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə bu göstərici 2024-cü illə müqayisədə 5,4 faiz azalsa da, 2022-ci ilin səviyyəsini 12 dəfə üstələyib.
Ötən il Laçın rayonunda 59 milyon 539,7 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu, iqtisadi rayon üzrə ümumi istehsalın əsas hissəsini təşkil edib. Kəlbəcərdə istehsalın dəyəri 13 milyon 773,9 min manat, Zəngilanda 5 milyon 20,8 min manat, Qubadlıda 4 milyon 378,5 min manat, Cəbrayılda isə 3 milyon 579,1 min manat olub.
2025-ci ildə Şərqi Zəngəzurda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı da artıb. İl ərzində iqtisadi rayonda 51 müəssisə fəaliyyət göstərib. Bu, 2024-cü illə müqayisədə 34,2 faiz, üç il əvvəlki göstəricidən isə 2,6 dəfə çoxdur.
Müəssisələrin 15-i Laçında, 14-ü Cəbrayılda, 9-u Kəlbəcərdə, 8-i Qubadlıda, 5-i isə Zəngilanda yerləşib.