Yapon futbolunun simvolu karyerasını davam etdirir

İdman

22.12.2025 16:29

Karyerasını davam etdirən 58 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura Cey-liqanın üçüncü divizionunda çıxış edən “Fukusima Yunayted” klubuna keçməyə yaxındır.

TodayPress TV “Japan Times” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi hücumçu peşəkar karyerasında 41-ci mövsümünə başlamağa hazırlaşır.

Məlumata görə, forvard yeni komandaya bir illik icarə əsasında qoşulacaq. Ötən mövsümü “Atletiko Sudzuka” klubunda keçirən Miuranın transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Kazuyoşi Miuranın son illərdəki keçidləri adətən oyun nömrəsinə uyğun olaraq 11 yanvar saat 11:11-də elan edilir.

Fevral ayında 59 yaşını qeyd edəcək futbolçu son mövsümdə 7 oyunda meydana çıxıb.

Xatırladaq ki, Kazuyoşi Miura 1986-cı ildə Braziliyanın “Santos” klubunda peşəkar debüt edib. O, karyerası ərzində İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da çıxış edib. Miura Cey-liqanın yaradılmasından sonra Yaponiyada futbolun populyarlaşmasında əsas simalardan biri hesab olunur. O, Yaponiya millisinin heyətində keçirdiyi 89 oyunda 55 qol vurub.

Namiq HUN

TodayPress TV

tag: Kazuyoşi Miura,Atletiko Sudzuka,Futbol,Karyera,Todaypress.tv,