Ruslar da İrandan çıxır - özü də nüvə reaktorlarını...
İranın cənubunda yerləşən Buşəhr Atom Elektrik Stansiyası ilə bağlı diqqətçəkən məlumat yayılıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyaya məxsus bir neçə İl-76 hərbi-nəqliyyat təyyarəsi bir neçə saat əvvəl İranın cənubundakı Buşəhr aviabazasına enib. Yerli mənbələrin iddialarına görə, təyyarələr stansiyada çalışan Rusiya vətəndaşlarının təxliyəsi üçün göndərilib.
Məlumatlarda həmin reyslərlə İrana silah daşındığı barədə iddialar da yer alıb. Lakin bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, yayılan məlumatlara əsasən, Rusiyanın dövlət nüvə şirkəti «Rosatom» fevralın 28-də, müharibənin başladığı gün 94 əməkdaşını İrandan çıxarıb. Sonrakı mərhələdə 600-dən çox əməkdaşın təxliyə edildiyi, daha sonra isə mütəxəssislərin bir hissəsinin yenidən Buşəhr Atom Elektrik Stansiyasına qayıtdığı bildirilmişdi.
Rosatom rəhbərliyinin bir neçə həftə əvvəl əməkdaşların obyektə qaytarılması istiqamətində addımlar atıldığını bildirdiyi qeyd olunur. İndi isə yeni təxliyə ilə bağlı yayılan iddialar diqqət çəkir.
Rusiyanın bütün əməkdaşlarını təxliyə etmək qərarı verdiyi, təyyarələrin silah daşıdığı və son saatlarda Buşəhrə eniş etdiyi barədə məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Əgər təxliyə xəbəri rəsmən təsdiqlənərsə, bu, İran ətrafındakı təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm hadisə ola bilər.