Saxta mafiya oyunu: Porteri necə tələyə salıblar?

Saxta mafiya oyunu: Porteri necə tələyə salıblar?
16.11.2026 12:47 İdman

NBA-dan ömürlük diskvalifikasiya edilən keçmiş “Toronto Raptors” basketbolçusu Contey Porter mərc oyunları sxeminin iştirakçıları tərəfindən genişmiqyaslı dələduzluğun qurbanına çevrilmiş ola bilər.

TodayPress TV xəbər verir ki, jurnalist Nik Berardininin “The New Yorker” nəşri üçün apardığı araşdırmada bu ehtimal irəli sürülüb. Məsələ “Pablo Torre Finds Out” podkastında da müzakirə edilib.

Məlumata görə, Porter özlərini İtaliya və yəhudi mafiyasının üzvləri kimi təqdim edən şəxslərdən təhdidlər alıb. Qumar oyunları səbəbindən böyük borclara düşən basketbolçu daha sonra əlbir olduğu şəxslərin mərc oyunlarından qazanc əldə etməsi üçün NBA matçlarını vaxtından əvvəl tərk etməyə razılaşıb. Onun Vinni adlı şəxsin qarşısında borcunun 200 min dollara çatdığı bildirilir.

Lakin telefon nömrələrinin yoxlanılması araşdırmada şübhəli məqamları üzə çıxarıb. Müxtəlif cinayətkar qruplaşmaların nümayəndələri kimi təqdim olunan Mürrey və Sal adlı şəxslərin telefon nömrələrinin eyni virtual nömrə operatoru ilə əlaqəli olduğu müəyyənləşib.

Daha diqqətçəkən məqam isə Vinniyə aid nömrənin mərc oyunları sxeminin təşkilatçısı Əmmar Avade ilə əlaqəsi olan Bryus Famın adına qeydiyyatdan keçirilməsidir.

Berardini “The New Yorker”də yazıb: “Bütün bunların nə demək olduğunu əminliklə söyləmək mümkün deyil”.

Bir sıra peşəkar mərc oyunçuları və işin təfərrüatları ilə tanış olan mənbə sxemin təşkilatçılarının Porteri təzyiq altında saxlamaq üçün saxta cinayətkar obrazları yaratmış ola biləcəyindən şübhələniblər.

Bununla belə, jurnalist adıçəkilən mafiya üzvlərinin həqiqətən mövcud olduğunu təsdiqləyən sübutlar əldə edə bilməyib. Porter onlarla yalnız mətn mesajları vasitəsilə əlaqə saxlayıb, pul köçürmələrini isə vasitəçilər üzərindən həyata keçirib.

Xatırladaq ki, 2024-cü ilin aprelində NBA mərc qaydalarını pozduğuna görə Contey Porteri ömürlük diskvalifikasiya edib. Basketbolçu bukmekerlərə məxfi məlumatlar ötürməkdə, oyun vaxtını qəsdən məhdudlaşdırmaqda və liqanın matçlarına mərc etməkdə ittiham olunub.

Həmin ilin iyulunda amerikalı elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq məqsədilə sui-qəsddə iştirak etdiyini etiraf edib.

Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər