Əfsanə geri döndü: Ronaldinyonun ilk oyunu 7,0 balla qiymətləndirildi!
Statistik göstəriciləri təqdim edən “Sofascore” portalı braziliyalı əfsanəvi futbolçu Ronaldinyonun “Ravenna”nın heyətində keçirdiyi ilk rəsmi matçın statistikasını açıqlayıb.
TodayPress TV xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi İtaliya C Seriyasının XIV turunda “Forli” ilə qarşılaşmada (2:0) meydana çıxıb.
Bu, braziliyalının son 11 ildə ilk rəsmi oyunu olub. “Sofascore” Ronaldinyonun çıxışını 7,0 balla qiymətləndirib.
“Ravenna”nın start heyətində meydana çıxan futbolçu ilk hissəni meydanda keçirib. O, 45 dəqiqə ərzində 28 dəfə topla təmasda olub, 21 ötürmədən 17-ni dəqiq yerinə yetirib (81%). Ronaldinyo iki ikili mübarizədən birində qalib gəlib, üç orta ötürmədən birini dəqiq ünvanına çatdırıb.
Braziliyalı futbolçu, həmçinin üç künc zərbəsi yerinə yetirib, bir dəfə qayda pozuntusuna məruz qalıb və yeddi dəfə top itkisinə yol verib.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olub. O, 2005-ci ildə isə “Qızıl top” mükafatına layiq görülüb. Karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” klublarında çıxış edib.
Namiq HUN