Pedro Bikalyo “Botafoqo”nun əsas transfer hədəfi olaraq qalır
İdman
20.12.2025 13:35
Braziliyanın “Botafoqo” klubu, “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo üçün ikinci rəsmi təklifini göndərib.
TodayPress TV “QOL.az”a istinadən xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb.
Bildirilir ki, təklif icarə + satınalma opsiyası formatındadır. Lakin Rio-de-Janeyro təmsilçisi qısa müddətdə ödəniləcək məbləği artırıb. Maliyyə şərtləri əvvəlki təklifin “Qarabağ” tərəfindən rədd edilməsinin əsas səbəbi olub.
Qeyd olunur ki, Pedro Bikalyo “Botafoqo”nun yay transfer pəncərəsində əsas prioritetlərindən biridir. Klub həmçinin hazırda Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Julio Romaonu da heyətinə qatmaq istəyir.
Danışıqlar futbolçunun agenti Breno Şartye (Dunkirk Sports) tərəfindən aparılır. Hələlik maaş məsələsi müzakirə olunmayıb, amma Bikalyonun Braziliya futboluna qayıtmağa müsbət baxdığı bildirilir.
Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras” akademiyalarında yetişib və peşəkar debütünü “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi yayda “Qarabağ”a keçib.
Namiq HUN
tag: Pedro Bikalyo,Botafoqo,Qarabağ,Transfer,Todaypress.tv,
