Olimpiada başladı: Azərbaycanın 13 idmançısı səhnəyə çıxır
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Afrika qitəsində ilk dəfə təşkil olunan yarışda Azərbaycan 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq.
TodayPress TV xəbər verir ki, açılış mərasimində Azərbaycan komandası da atletlərin paradında iştirak edib. Ölkəmizin bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyıblar.
Noyabrın 13-dək davam edəcək yarışlarda idmançılarımız çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika növlərində mübarizə aparacaqlar.
Azərbaycan komandasının heyətində aşağıdakı idmançılar yer alıb:
Çimərlik güləşi: Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq), Nihad Süleymanlı (80 kq).
Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova.
Taekvondo: Zəhra İsayeva (44 kq), Adil Kazımlı (73 kq).
Boks: Gülər Hüseynova (51 kq).
Qılıncoynatma: Abbas Hüseynov.
Şosse velosipedi: Nihad Xudoyev.
Cüdo: İbrahim Talıbov (-55 kq).
Atletika: Daniil Şuvayev.

Təmsilçilərimizdən ilk olaraq cüdoçu İbrahim Talıbov mübarizəyə qoşulacaq. O, noyabrın 1-də 1/4 final mərhələsində İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) – Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Kübra Musayeva