13 hektar ərazini bir anlıq yerlə-yeksan edir — Şimali Koreyadan dəhşətli raket sınağı
Şimali Koreyanın Baş Raket İdarəsi taktiki ballistik raketin kaset tipli döyüş başlığının tətbiq imkanlarını və gücünü qiymətləndirmək məqsədilə sınaq keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
İdarə rəisinin sözlərinə görə, kaset tipli döyüş başlıqları xüsusi təyinatlı və dörd standart növə bölünür. O bildirib ki, cari ildə hərbi bölmələrin əməliyyat məqsədlərini və məhv ediləcək obyektin xüsusiyyətlərini nəzərə alaraq bu döyüş başlıqlarının hamısını seçib istifadə etməsi təmin ediləcək.
Onun məlumatına görə, sınaq nəticəsində ikinci standart tipli kaset döyüş başlığının yüksək dağıdıcı sıxlıq hesabına 12-13 hektar ərazini əhatə edən hədəfi məhv etmək qabiliyyətinə malik olduğu təsdiqlənib.
Aysel Mətləb