Azərbaycan millisi Avropa çempionatını birinci pillədə başa vurdu
Azərbaycanın cüdo üzrə U-23 millisi İtaliyanın Neapol şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında ölkələr üzrə medal sıralamasının qalibi olub.
TodayPress TV xəbər verir ki, təmsilçilərimiz üç qızıl medalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutublar.
Millimizin heyətində İslam Rəhimov (66 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) Avropa çempionu adını qazanıblar.
Rəhimov və Nəsibov ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qızıl medalına sahib çıxıblar.
Azərbaycan medal sıralamasında iki qızıl və iki gümüş medal qazanan İtaliyanı ikinci, iki qızıl və bir bürünc medalı olan İsraili isə üçüncü pillədə qoyub.
Qeyd edək ki, noyabrın 1-də Avropa çempionatının qarışıq komandalar üzrə yarışları keçiriləcək.