Almaniyada gecə etirazları son həddə çatdı, saxlanılanlar var - FOTO
Almaniyanın Frankfurt şəhərində axşam saatlarında vəziyyət gərginləşib. Şəhərin mərkəzində, xüsusilə Zeil ticarət küçəsi ətrafında iğtişaşlar baş verib, etirazçılar polislə qarşıdurmaya girib.
TodayPress TV xəbər verir ki, hadisələr zamanı bir neçə mağazanın vitrin şüşələri sındırılıb, silah mağazası isə qarət edilib.
Silah mağazasının qarşısına toplaşan şəxslər daş, yumruq və təpiklərlə mağazanın şüşəsini sındırmağa çalışıblar, mağazadakı mallara əl keçiriblər.
Frankfurtun ən məşhur alış-veriş küçəsi olan Zeil ərazisi mühasirəyə alınıb. İzdiham arasında zorakılığa meyilli şəxslərlə yanaşı, hadisələrə aidiyyəti olmayan piyadalar da olub. Əraziyə dəfələrlə fişənglər atılıb.
İğtişaşlar daha sonra şəhərin kafedral kilsəsi ətrafındakı yan küçələrdə də davam edib. Polis əməkdaşlarına fişəng və butulkalar atılıb, elektrik skuterlərindən barrikadalar qurulub.
Köln şəhərində də polisə qarşı fişənglər atılıb və yeni həbslər həyata keçirilib. İğtişaşçılar velosipedləri yola atıblar. Gənc şəxslər dəfələrlə polis istiqamətində fişənglər atıblar.
Kölndəki Domplatte meydanında indiyədək beş nəfər saxlanılıb. Dəbilqəli polis əməkdaşları qarşıdurma iştirakçıları ilə üz-üzə dayanıb. Daha sonra meydanın boşaldılmasına başlanılıb.
Aysel Mətləb


