Avropa “qaranlıq dövr” yaşayır - İkinci Dünya müharibəsindən bəri ən yüksək göstərici

Avropa “qaranlıq dövr” yaşayır - İkinci Dünya müharibəsindən bəri ən yüksək göstərici
27.10.2026 07:50 Dünya

Finlandiya Prezidenti Aleksandr Stubb çoxsaylı müharibələr, eləcə də ABŞ və Çin arasındakı rəqabət səbəbindən Avropanın “qaranlıq dövr” yaşadığını bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Belçikanın Brügg şəhərində Avropa Kollecində tədris ilinin açılış mərasimində çıxışı zamanı danışıb.

Stubbun sözlərinə görə, Soyuq müharibədən sonrakı dövr başa çatıb və dünya 1945-ci, eləcə də 1989-cu illərdəki hadisələrlə müqayisə edilə biləcək dönüş nöqtəsini yaşayır. O qeyd edib ki, özü təhsilinə “işıqlı dövr”də başlayıb, indiki tələbələr isə “qaranlıq dövr”də təhsilə qədəm qoyurlar.

“Əvvəllər bəşəriyyətin üç əsas bəlası olan xəstəliklərin, aclığın və müharibələrin öhdəsindən gəlindiyini deyə bilirdik. Artıq belə deyil”, – deyə Finlandiya Prezidenti bildirib.

Stubb hazırda dünyada bəzi qiymətləndirmələrə görə, 65 münaqişə və müharibənin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, İkinci Dünya müharibəsindən bəri qeydə alınan ən yüksək göstəricidir.

Prezident qlobal təhlükəsizliyin gələcəyinin ABŞ və Çinin əməkdaşlıq, yoxsa qarşıdurma yolunu seçməsindən asılı olacağını bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər