400 kilometrlik məşhur yol yoxa çıxır - SƏBƏB

400 kilometrlik məşhur yol yoxa çıxır - SƏBƏB
27.10.2026 02:55 Dünya

Kanadanın şimalında yerləşən və dünyanın ağır nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ən uzun buz yolu hesab edilən 400 kilometrlik “Tibbitt–Contwoyto” qış yolu təxminən yarım əsrlik tarixində ilk dəfə bu mövsüm istifadəyə verilməyəcək.

TodayPress TV Rumıniyanın “Antena 3” nəşrinə istinadən xəbər verir ki, yolun fəaliyyətinin dayandırılması iqlim dəyişikliyi ilə deyil, almaz sənayesində baş verən iqtisadi dəyişikliklərlə əlaqədardır.

1982-ci ildə salınan yol donmuş göllərin üzərindən keçir və marşrut boyunca yerləşən dörd almaz mədənini xarici dünya ilə birləşdirirdi. Buzlu yollarda çalışan yük maşını sürücüləri haqqında çəkilən realiti-şou sayəsində bu marşrut dünya miqyasında məşhurlaşmışdı.

Lakin hazırda həmin dörd almaz mədənindən üçü artıq bağlanıb. Sonuncu mədənin isə ilkin plandan daha tez, gələn il fəaliyyətini dayandıracağı gözlənilir.

Buna səbəb təbii almazların dünya bazarında qiymətinin kəskin azalması və laboratoriya şəraitində yetişdirilən süni almazlara tələbatın artmasıdır. Süni almazlar təbii daşlarla eyni xüsusiyyətlərə malik olsa da, onların istehsalı bahalı mədən işləri tələb etmir.

Qeyd edək ki, buz yolunun salınması adətən altı həftə çəkir. Onun tikintisi və istismarı üçün illik büdcə təxminən 25 milyon dollar təşkil edir.

Bununla yanaşı, Kanada hakimiyyəti Arktika bölgəsində daimi avtomobil yollarının tikintisini nəzərdə tutan layihələr üzərində işləyir.

“Arktik İqtisadi Təhlükəsizlik Dəhlizi” (ASEC) adlı layihə çərçivəsində 400 kilometrlik daimi yolun çəkilməsi planlaşdırılır. Gələcəkdə bu yolun digər nəqliyyat marşrutları ilə birləşdirilərək Şimal Buzlu okeanında inşa olunması nəzərdə tutulan dərin su limanına çıxış təmin etməsi gözlənilir.

Layihənin müzakirəsi zamanı şimal marallarının miqrasiya yollarının qorunması ilə bağlı fikir ayrılıqları yaransa da, avqust ayında 30 kilometr enində nəqliyyat dəhlizinin yaradılması barədə razılıq əldə olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər