İranı türk dərdi "öldürür" - İndi də qazaxları hədəfə aldılar

İranı türk dərdi "öldürür" - İndi də qazaxları hədəfə aldılar
27.10.2026 09:46 Dünya

İranın Qazaxıstandakı mədəniyyət nümayəndələrinin türk dünyası diskursuna diqqət ayırması, İran–İslam ideoloji və mədəni irsinin təbliğinin isə nə dərəcədə ön planda olması müzakirə mövzusuna çevrilib.

TodayPress TV xəbər verir ki, İranın mədəniyyət nümayəndələrinin türk dünyasının tarixi, mədəniyyəti və sivilizasiya irsinə xüsusi maraq göstərməsi diqqət çəkir.

İslam tarixi, Quran tərcümələri və regional mədəniyyət sahəsində araşdırmalar aparan iranlı tarixçi, tərcüməçi və mədəniyyət xadiminin Qazaxıstanın beşminillik tarixi irsinə, qazaxların məişətinə və milli kimliyinə bu qədər geniş yer ayırması bir sıra suallar doğurur.

Qazaxıstanda keçirilən Dünya Güləş Çempionatı çərçivəsində “Fərqli Mədəniyyətlər, Vahid Sivilizasiya – İşim-Botai” adı altında təqdim olunan ekspozisiya qazax xalqının qədim tarixinə və mədəniyyətinə həsr edilib. İranlı tarixçi bu təqdimatı yüksək qiymətləndirərək qazax ailəsinin məişət əşyalarından tutmuş kişi və qadınların milli görünüşünədək müxtəlif detalları xüsusi vurğulayıb.

Lakin burada diqqət çəkən əsas məqam başqadır: Nə üçün İranın Qazaxıstandakı mədəniyyət attaşesi türk dünyasının ortaq tarixi və mədəni irsini ön plana çıxarır, bu diskursu təbliğ edir, amma İran-İslam mədəniyyətinin və sivilizasiya ənənələrinin təşviqinə eyni dərəcədə diqqət ayırmır?

İranın rəsmi mədəniyyət siyasəti baxımından bu yanaşma müəyyən suallar yaradır. Tehran İslam sivilizasiyasını və İranın tarixi-mədəni irsini təbliğ etməyə çalışdığı halda, onun xaricdəki mədəniyyət təmsilçilərinin türk xalqlarının milli kimliyini və ortaq sivilizasiya bağlarını ön plana çıxarması hansı siyasi və ideoloji məqsədlərə xidmət edir?

Türk dünyasının tarixi və mədəni irsinə maraq göstərilməsi özlüyündə təəccüblü deyil. Ancaq söhbət İranın rəsmi mədəniyyət təmsilçisindən gedirsə, onun fəaliyyətində türk dünyası diskursu ilə İran-İslam diskursunun nisbəti müzakirəyə açıq məsələdir.

Görünən odur ki, türk dünyasının tarixi və mədəni birliyi mövzusu İranın mədəniyyət gündəmində də diqqətdən kənarda qalmır. Əsas sual isə budur: bu maraq sırf mədəni xarakter daşıyır, yoxsa İranın regional ideoloji və siyasi hesablamalarının da tərkib hissəsidir?

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər