ABŞ İran ətrafında 24 saatlıq hava patruluna başladı: Qırıcı və gəmilər hərəkətdə
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan məlumata görə, ABŞ döyüş təyyarələri Yaxın Şərqdə 24 saatlıq patrul uçuşları həyata keçirir.
TodayPress TV xəbər verir ki, əməliyyatlarda F-35, F-16 və F/A-18 qırıcıları, eləcə də A-10 hücum təyyarələri iştirak edir. Uçuşlar həm bölgədəki hərbi aerodromlardan, həm də təyyarədaşıyan gəmilərdən həyata keçirilir.
Məlumata əsasən, İranın cənub-şərqində, Ərəbistan dənizində döyüş növbətçiliyi aparan iki ABŞ təyyarədaşıyan gəmisinin və bir universal amfibiya gəmisinin göyərtəsindəki aviasiya qüvvələri patrul uçuşlarında fəal iştirak edir.
Oktyabrın 8-də Pentaqon rəhbəri Pit Heqset bildirib ki, USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu İranla müharibənin 40 günü ərzində 450 Tomahawk qanadlı raketi buraxıb.
Türkan İsgəndərli