"Microsoft" 60 min əməkdaşa "qapını göstərdi"
“Microsoft” korporasiyası təxminən 60 min əməkdaşı əhatə edəcək kompensasiya ödənişli könüllü işdən ayrılma proqramını elan edib.
TodayPress TV xəbər verir ki, təşəbbüs şirkətin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.
Bu, vitse-prezident və daha aşağı vəzifələrdə çalışan əməkdaşlara şamil olunur. Bununla belə, məlumat emalı mərkəzlərinin mütəxəssisləri, eləcə də satış və marketinq şöbələrinin əməkdaşları ixtisarlardan kənarda qalacaq.
Şirkətdən ayrılmaq qərarına gələn əməkdaşlara iş stajından və tutduqları vəzifədən asılı olaraq bir aydan altı aylıq əməkhaqqınadək kompensasiya ödəniləcək. Bundan əlavə, onlara tibbi sığortanın ödənilməsi kimi güzəştlər də təqdim olunacaq.
Bu qərar “Microsoft”un iyul ayında pensiya yaşına çatmış əməkdaşlar üçün həyata keçirdiyi işdən ayrılma proqramından sonra verilib. Həmin vaxt proqram iştirakçılarının təxminən üçdə biri təklifi qəbul edib.
İxtisarlara baxmayaraq, şirkətin əməkdaşlarının ümumi sayı sabit qalır. İyunun sonuna olan məlumata görə, “Microsoft”da 223 min nəfər çalışıb. Bu göstərici şirkətin süni intellektə genişmiqyaslı investisiyalara başladığı 2022-ci ildən bəri, demək olar ki, dəyişməyib.
Xəbərlər fonunda şirkətin səhmləri 1 faiz bahalaşıb. “Microsoft”un bazar kapitallaşması ilin əvvəlindən təxminən 10 faiz artaraq 3,9 trilyon dollara çatıb.
Aysel Mətləb