Tətilə gedənlərə ŞAD XƏBƏR: Göydən pul “yağacaq”
Turistlər artıq tətil zamanı yağan yağışa görə pul kompensasiyası ala biləcəklər.
TodayPress TV xəbər verir ki, məşhur turizm platforması “Airbnb” müştəriləri üçün yeni sığorta xidmətini istifadəyə verib.
Şirkətin rəsmi saytında yayımlanan məlumata görə, turistlər yaşayış yeri bron edərkən yağışlı hava şəraitinə qarşı əlavə sığorta əldə edə biləcəklər.
Yeni xidmətə əsasən, tətil müddətində yerli vaxtla saat 08:00-dan 20:00-dək yağıntının intensivliyi saatda ən azı 1,5 millimetr olarsa və bu vəziyyət sığorta müqaviləsində göstərilən minimum müddət ərzində davam edərsə, turistlərə kompensasiya ödəniləcək.
Ödənişin məbləği gündəlik 50 avrodan 1000 avroyadək dəyişəcək. Kompensasiya yerli valyutada da verilə bilər.
Hazırda xidmət Avstriya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Polşa, İspaniya və İsveçdə yerləşən yaşayış yerlərində qalan turistlər üçün əlçatandır.
Sığorta xidmətini “Chubb European Group SE” şirkəti təmin edir.
Qeyd edək ki, “Airbnb” son dövrlərdə müştərilərinə təqdim etdiyi xidmətlərin sayını artırır. Platforma daha əvvəl şəxsi aşpaz, fotoqraf, masajçı, fitnes məşqçisi, bərbər və vizajist sifarişi kimi əlavə xidmətləri də istifadəyə verib.
Kübra Musayeva