“Kral klubu”ndan “Xetafe”yə: Təcrübəli ulduz yeni komandaya qoşuldu!
Madrid “Real”ının sabiq müdafiəçisi Dani Karvaxal karyerasını “Xetafe” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Klubun yaydığı rəsmi açıqlamada təcrübəli futbolçunun karyerası ərzində qazandığı uğurlar xüsusi qeyd olunub:
“Karyerası ərzində Dani Karvaxal “Real”ın əsas komandası və İspaniya millisinin heyətində 29 titul qazanıb. Bunlara UEFA Çempionlar Liqasının 6 dəfə qazanılması və İspaniya yığması ilə 2024-cü ilin Avropa çempionu titulu daxildir. “Xetafe” futbol klubu adından Dani Karvaxalı salamlayır və karyerasının yeni mərhələsində ona böyük uğurlar arzulayırıq. “Kolizey”ə xoş gəldin, Dani!”
Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatında La Liqanın Karvaxalın transferini şübhəli dərəcədə aşağı maaş təklifi səbəbindən əngəllədiyi barədə xəbərlər yayılmışdı. Liqanın İqtisadi Komitəsi maliyyə feyr-play qaydalarının pozulması ehtimalını əsas gətirərək razılaşmanı qeydiyyata almaqdan imtina etmişdi, lakin sonda tərəflər bu problemi həll edə biliblər.
Namiq HUN