NATO yerin altına köçür - Rusiya ilə müharibə baş verərsə...
NATO Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə komanda məntəqələrinin, səhra hospitallarının, sursat anbarlarının və şəxsi heyətin yeraltında yerləşdirilməsi imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Newsweek” nəşri alyansın Böyük Britaniyanın komandanlığı altında fəaliyyət göstərən çevik reaksiya korpusunun mühəndislik və hərbi-mülki əməkdaşlıq üzrə qərargah rəisinin köməkçisi, polkovnik Dryu Kreyqə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu strategiya pilotsuz uçuş aparatlarının yayılması, peyk müşahidələrinin inkişafı və hipersəs silahlarının tətbiqi təhlükəsi ilə əlaqədardır. Mümkün sığınacaqlar kimi tərk edilmiş mədənlər və yeraltı avtomobil dayanacaqlarının yenidən təchiz edilməsi nəzərdən keçirilir. Bundan başqa, NATO hərbçilərin yeraltı tikililərdə fəaliyyətə hazırlanmasına daha çox diqqət yetirə bilər.
Bununla belə, Kreyq belə infrastrukturun ciddi zəifliklərə malik olduğunu xəbərdar edib. Xüsusilə, tunellər və qapalı məkanlar termobarik silahların tətbiqi zamanı daha təhlükəli ola bilər.
Polkovnikin sözlərinə görə, lazımi mühəndislik həlləri olmadan yeraltı obyektlər orada olan insanlar üçün tələyə çevrilə bilər.
Aysel Mətləb