“Formula-1” 75 illiyini möhtəşəm göstəricilərlə qeyd etdi

İdman

20.12.2025 15:18

“Formula-1” rəsmi saytında çempionatın 75-ci yubiley mövsümü olan 2025-ci ilin yekunlarını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, mövsüm bir çox göstəricilər üzrə rekordlarla yadda qalıb.

Dünya çempionatının auditoriyası 827 milyon nəfərə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 12%, 2018-ci illə müqayisədə isə 63% artıb. Azarkeşlərin 43%-i 35 yaşdan aşağıdır və son bir ildə gənc fanatların sayı 51 milyon nəfər artıb.

Gender balansında da dəyişiklik müşahidə olunur: hazırda auditoriyanın 42%-ni qadınlar təşkil edir (2018-ci ildə bu göstərici 37% idi). 2025-ci ildə çempionata qoşulan yeni azarkeşlərin 48%-i qadınlardır.

Cari il ərzində bütün mərhələlər üzrə ümumi iştirakçı sayı 6,7 milyon nəfər olub ki, bu da tarixi rekorddur. 24 yarış həftəsonundan 19-u tam satılıb, ayrı-ayrı traslarda isə 11 yeni iştirak rekordu qeydə alınıb.

Dörd Qran-pri mərhələsi 400 mindən çox tamaşaçı toplayıb. Avstraliya Qran-prisi (465 min) və Böyük Britaniya Qran-prisi (500 min) mövsümün ən çox izlənilən yarışları olub.

Bred Pittin baş rolda çəkildiyi “Formula-1” filmi isə 630 milyon dollardan çox gəlir əldə edərək, tarixdə ən çox gəlir gətirən idman filmi olub. 

Qeyd olunur ki, yarış təqviminin böyük hissəsi artıq 2030-cu illərə qədər müqavilələrlə təmin edilib. Mayami və Avstriya Qran-priləri 2041-ci ilə qədər uzadılıb. 2027–2028-ci illərdə isə “Formula-1” Portuqaliyanın “Portimao” avtopoligonuna qayıdacaq.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,75 il,Yubiley,Yekun,Todaypress.tv,