Belçika futbolunda bir dövr başa çatdı: Lukakudan vida!

Belçika futbolunda bir dövr başa çatdı: Lukakudan vida!
16.11.2026 14:47 İdman

Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı çıxışını başa çatdırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşdığı vida məktubunda məlumat verib.

Lukaku milli komandada keçirdiyi 16 ili xatırlayaraq komanda yoldaşlarına, məşqçilərə və azarkeşlərə təşəkkür edib.

“16 il... Bu müddət ərzində milli komanda üçün əlimdən gələn hər şeyi etdim. Düşünürəm ki, mümkün olan bütün hissləri yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşları ilə birlikdə oynamaq mənə nəsib oldu. Onların hər birinə təşəkkür edirəm.

Məni daim irəli aparan, mənə güvənən və komandaya fayda verməyimə şərait yaradan bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.

Komandamıza göstərdikləri dəstəyə görə Belçika azarkeşlərinə təşəkkür edirəm. Ölkəmi dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram.

Bu anları heç vaxt unutmayacağam. Milli komandada çıxışımı başa vurmaq qərarına gəlmişəm və bu qərardan sonra qəlbim rahatdır. Hər şey möhtəşəm idi. Mənə yaşatdığınız hər şeyə görə minnətdaram. Təşəkkürlər”, – deyə Lukaku yazıb.

Qeyd edək ki, 33 yaşlı hücumçu Belçika millisində çıxış etdiyi 16 ildə ölkəsini 7 böyük beynəlxalq turnirdə təmsil edib.

Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər