“Saxta hərbi təlim” sxemi ifşa olundu: məmur və mühəndis məhkəmə qarşısında
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon
bölməsinin zabiti vəzifəsini icra etmiş İlham Qüdrət oğlu Məmmədlinin qanunsuz əməlləri
ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə TodayPress TV-yə Baş
Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən
xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə
Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə
mühəndis vəzifəsində işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək, sonuncunun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə
guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib
etməsinə, həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim edərək
ona əsassız şəkildə əmək haqqı ödənilməsinə nail olmasına əsaslı şübhələr müəyyən
edilib.
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), Mirhəmdulla Əmirova isə həmin Məcəllənin 32.4,313 (vəzifə
saxtakarlığına təhrik etmə), 32.4, 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadəyə
təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri
ilə ittiham elan edilməklə barələrində istintaq orqanının qərarı əsasında
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.