Əvvəlcə dərsliyi, sonra şagirdi yoxlayaq

Əvvəlcə dərsliyi, sonra şagirdi yoxlayaq
11.09.2026 22:50 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev PISA-2025 nəticələri ilə bağlı bildirib ki, Azərbaycanda əsas problemlərdən biri oxu savadlılığıdır. Onun sözlərinə görə, təxminən hər üç nəfərdən ikisinin oxuduğunu anlamaması problemi mövcuddur.

Cümlə ağırdır.

Amma bu cümlədən sonra başqa bir sual da doğur:

“Bəs uşaqlar nə oxuyur?”

PISA - 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini real vəziyyətlərdə tətbiq etmək bacarığını ölçən beynəlxalq qiymətləndirmə proqramıdır. Yəni şagirdə sadəcə qaydanı əzbərlədinmi deyə baxmır. Mətn verilir, düşünmək, anlamaq, müqayisə etmək, nəticə çıxarmaq tələb olunur.

Çox gözəl. Amma bir problem var.

Uşaqdan mətni düzgün anlamasını tələb etməzdən əvvəl mətnin özünün düzgün olub-olmadığını yoxlamaq lazımdır.

Məsələn, sosial şəbəkə istifadəçilərindən biri 7-ci sinif Azərbaycan dili dərsliyindən nümunə paylaşıb. Paylaşımda Bəxtiyar Vahabzadəyə aid olduğu bildirilən nümunənin Səməd Vurğunun adına verildiyi iddia olunur:


İndi burada kiçik bir təhsil eksperimenti keçirək.

Uşağa deyirik:

— Oxuduğunu anlamalısan.

Uşaq deyir:

— Anladım.

Deyirik:

— Müəllifi kimdir?

Uşaq dərsliyə baxır:

— Səməd Vurğun.

Deyirik:

— Səhvdir.

Uşaq soruşur:

— Bəs kitab niyə belə yazıb?

Və həmin anda PISA nəticələrinə daha bir sual əlavə olunur:

Bəlkə problem uşağın oxuduğunu anlamamasında yox, oxuduğunun ona səhv izah edilməsindədir?

Əlbəttə, bir dərslikdəki mümkün yanlışlıqla bütün təhsil sisteminə hökm vermək olmaz. Amma dərslikdə müəllif adı kimi fundamental məlumatın yanlış göstərilməsi sadəcə “çap səhvi” deyib keçiləcək məsələ də deyil. Çünki dərslik adi kitab deyil. Şagird üçün dərslik müəllimdən sonra ən əsas mənbələrdən biridir. Orada yazılan məlumatın düzgünlüyünə şagirdin şübhə ilə yanaşması yox, etibar etməsi gözlənilir.

Bir tərəfdən oxu savadlılığından danışırıq, digər tərəfdən uşağın oxuduğu materialın keyfiyyəti məsələsini kifayət qədər gündəmə gətirmirik. Bir tərəfdən deyirik ki, şagird mətnin müəllifini, əsas fikrini, məntiqini anlamalıdır. Digər tərəfdən isə ortaya belə bir iddia çıxır ki, həmin mətnin müəllifi dərslikdə başqa adla təqdim olunub. Bu, artıq bir az qəribə mənzərə yaradır.

Şagird PISA-da imtahan verir. Dərslik isə rahatca evdə oturub. Bəlkə rolları dəyişək? Bir dəfə də dərsliyi imtahana çağıraq.

Soruşaq:

— Müəllif kimdir?

— Mətnin mənbəyi nədir?

— Dil qaydası düzgündür?

— Nümunə doğrudur?

— Fakt yoxlanılıb?

— Bu kitab neçə mərhələdən keçib?

Və ən vacibi:

Səni uşağın qarşısına qoymaq üçün kim yoxlayıb?

Çünki oxu savadlılığı yalnız uşağın problemi deyil. Uşağın oxuduğu mətnin keyfiyyəti də bu prosesin bir hissəsidir.

Azərbaycan dilini qorumaq yalnız uşağa isim, sifət, feil öyrətməklə bitmir. Dilin daşıdığı ədəbiyyatı, müəllifləri, mətnləri və həmin mətnlərin təqdimatını da qorumaq lazımdır. Əgər Bəxtiyar Vahabzadənin əsəri Səməd Vurğunun adına yazılıbsa, burada uşağa “oxuduğunu anlamırsan” deməkdən əvvəl böyüklər öz qarşısındakı kitabı bir dəfə də diqqətlə oxumalıdır. Çünki uşağın səhv cavab verməsi bir problemdir. Uşağa səhvi doğru kimi öyrətmək isə tamam başqa problem.

PISA nəticələri bizi düşündürməlidir. Amma yalnız uşaqların nəticələrini yox.

Bəlkə növbəti dəfə PISA suallarını şagirdlərə yox, dərslikləri hazırlayanlara verək?

Ən azı birinci sual belə olsun:

“Bu müəllif doğrudan da bu əsərin müəllifidir?”

Cavab düzgün çıxsa, sonra keçərik növbəti suala. Çünki əvvəlcə kitab oxuduğunu anlamalıdır. Sonra uşaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər