Husilər Səudiyyənin neft damarını KƏSDİ – 7 milyon barellik kəmər DAYANDI
Səudiyyə Ərəbistanının gündəlik 7 milyon barel ötürmə gücünə malik "Şərq–Qərb" xam neft boru kəməri Yəmən husilərinin hücumlarından sonra dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu, ABŞ–İran müharibəsi başlayandan bəri Yaxın Şərq körfəzi regionundan neftin çıxarılması üçün əsas marşrut olan kəmərdə axını dayandırıb.
Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin məlumatına görə, xam nefti Yaxın Şərq körfəzi yaxınlığındakı Səudiyyə yataqlarından Qırmızı dənizdəki Yanbu limanına nəql edən boru kəməri sentyabrın 10-u səhər saatlarında bir neçə hücuma məruz qalıb. Boru kəməri ehtiyat tədbiri olaraq dayandırılıb, hücumlar nəticəsində bir neçə nəfər xəsarət alıb.
Nazirlikdən bildirilib ki, fövqəladə hal və texniki briqadalar hücumların nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
Qeyd edək ki, fevralın sonlarında ABŞ ilə İran arasında müharibənin başlamasından və Hürmüz boğazının İran tərəfindən de-fakto bağlanmasından sonra Səudiyyə Ərəbistanı xam neft axınını operativ şəkildə "Şərq–Qərb" boru kəmərinə yönəltmişdi. Kəmər müharibədən əvvəl boğazdan keçən həcmlərin hamısını əvəz edə bilməsə də, qlobal xam neft bazarlarında gərginliyin azalmasına kömək etmişdi.
İyulun ortalarından bəri husilərin Səudiyyə obyektlərinə təşkil etdiyi bir sıra hücumlar boru kəməri və Yanbu vasitəsilə neft axınının davamlılığını zərbə altında qoyub.
Sentyabrın 11-i husilər Qırmızı dəniz sahilindəki Moka liman şəhərini ələ keçirərək, Səudiyyə Ərəbistanının Asiyaya neft ixracı üçün mühüm marşrut olan Bab əl-Məndəb boğazına daha da yaxınlaşıblar.
Aysel Mətləb