ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”na start verir

ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”na start verir
11.09.2026 22:09 Dünya

ABŞ-də Rusiyaya qarşı yeni və sərt sanksiyalar nəzərdə tutan qanun layihəsi gələn həftə Nümayəndələr Palatasında səsverməyə çıxarıla bilər.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, senator Lindsi Qrahamın hazırladığı və Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” kimi təqdim edilən qanun layihəsinə sadə səs çoxluğu ilə baxılması planlaşdırılır.

Qanun layihəsinə Nümayəndələr Palatasında etirazların artdığı bildirilir. Buna əsas səbəb kimi sənədin ABŞ Prezidenti Donald Trampın tarif tətbiq etmək səlahiyyətlərini genişləndirə və nəticədə neft qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar göstərilir.

Buna baxmayaraq, “Bloomberg”in mənbələri Palatanın rəhbərliyinin qanun layihəsini irəli aparmaq qərarına gəldiyini bildirir.

ABŞ Ticarət Palatası və bir sıra biznes təşkilatları isə sənəddə tariflərlə bağlı müddəaların olmasından narahatdır. Onların fikrincə, bu müddəalar Tramp administrasiyasına genişmiqyaslı tariflər tətbiq etmək üçün yeni hüquqi əsas yarada bilər.

Biznes qurumları Nümayəndələr Palatasına göndərilməsi planlaşdırılan məktub layihəsində Konqresi tarif səlahiyyətlərinin qanun layihəsindən çıxarılmasına çağırıb.

Məktubda ABŞ-nin diqqətini hədəfli sanksiyalara, sanksiyalardan yayınmanın qarşısının alınmasına və Rusiya enerji resurslarını alan ölkələrlə koordinasiyalı diplomatiyaya yönəltməsinin daha məqsədəuyğun olduğu vurğulanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər