Rusiya nüvə başlıqlarını artırır: 9 ilin rekordu
Rusiya nüvə silahlarının daşıyıcılarında yerləşdirilən nüvə başlıqlarının sayını artırmaqda davam edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, bu göstərici 2026-cı ildə son illərin ən yüksək səviyyəsinə çatıb.
TodayPress TV xəbər verir ki, SIPRI-nin hesablamalarına əsasən, Rusiyanın ümumi nüvə arsenalında 5420 başlıq var. Onlardan 2604-ü anbarda saxlanılır, 1020-si istismardan çıxarılmış hesab olunur, 1796 nüvə başlığı isə raketlər və bombardmançı təyyarələr üzərində yerləşdirilib.
Yerləşdirilmiş nüvə başlıqlarının sayı bir il ərzində 78 ədəd artıb. Müqayisə üçün, Rusiyaya yaxın nüvə arsenalına malik ABŞ-də bu göstərici dəyişməyərək 1770 olaraq qalıb. Fransa və Böyük Britaniya da daşıyıcılarda yerləşdirilən nüvə başlıqlarının sayını artırmayıb. Bu ölkələr üzrə göstərici müvafiq olaraq 280 və 170-dir.
Çin isə yerləşdirilmiş nüvə başlıqlarının sayını 24-dən 34-ə çatdırıb. Hindistan da ilk dəfə 12 nüvə başlığını yerləşdirilmiş vəziyyətə gətirib. SIPRI Çinin ümumi nüvə arsenalını 620, Hindistanın arsenalını isə 190 başlıq olaraq qiymətləndirir.
Rusiyanın yerləşdirilmiş nüvə başlıqlarının sayı Ukraynada müharibənin başladığı ildən etibarən hər il artıb. 2022-ci ildə bu rəqəm 1588, 2023-cü ildə 1674, 2024-cü ildə 1710, 2025-ci ildə isə 1718 olub.
Beləliklə, 2020-ci illə müqayisədə Rusiyanın nüvə daşıyıcılarında yerləşdirdiyi başlıqların sayı 14 faiz, yəni 226 ədəd artıb. SIPRI-nin məlumatına görə, bu, 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il Rusiyanın daşıyıcılarda 1950 nüvə başlığı yerləşdirdiyi bildirilirdi.
Kübra Musayeva