Ukraynada rus dilinə görə cərimələr artırıla bilər

Dünya

03.03.2026 16:17

Ukraynanın dil üzrə ombudsmanı Olena Ivanovska rus dilindən istifadəyə görə tətbiq olunan cərimələrin 2–3 dəfə artırılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, ombudsman bu təşəbbüslə artıq Ukrayna Nazirlər Kabinetinə müraciət edib.

Hazırda cərimələrin məbləği pozuntunun növündən və təkrar olub-olmamasından asılı olaraq 3 400–11 900 qrivna (təxminən 78–275 dollar) arasında dəyişir. Təklifə əsasən, bu məbləğin təxminən iki-üç dəfə artırılması nəzərdə tutulur.

Məlumata görə, təşəbbüs rus dilində danışıq, rusdilli musiqinin dinlənməsi və rus dilində kitab satışına görə tətbiq olunan sanksiyaları əhatə edir.

Ukraynada 2014-cü ildən etibarən dövlət dili siyasəti çərçivəsində rus dilinin istifadəsi mərhələli şəkildə məhdudlaşdırılıb. 2019-cu ildə qəbul edilən “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanun ölkədə rus və digər milli azlıqların dillərinin istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Son illərdə bəzi yerli hakimiyyət orqanları rusdilli əsərlərin, kitabların, filmlərin və musiqilərin yayımına qadağalar tətbiq edib, təhsil müəssisələrində rus dilinin tədrisi dayandırılıb.

Qiymət Mahir

tag: Ukrayna,Olena Ivanovska,Rus dili,Ukrayna Nazirlər Kabineti,TodayPress TV,