Türkiyə Polşaya nümunə oldu: “Biz də istəyirik”
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Türkiyənin müdafiə sənayesindəki inkişafını ölkəsi üçün nümunə kimi göstərib.
TodayPress TV xəbər verir ki, nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) fəaliyyətini xüsusi qeyd edib.
Onun sözlərinə görə, SSB dünyadakı digər təşkilatlardan fərqlənən kompleks qurumdur. Türkiyə yalnız öz ehtiyacları üçün hərbi texnika istehsal və tədarük etmir, eyni zamanda müdafiə məhsullarını xarici ölkələrə ixrac edir və bu ixracın təşviqi ilə fəal məşğul olur.
Kosinyak-Kamış bildirib ki, Polşa da Türkiyənin bu modelini tətbiq etmək istəyir.
Nazirin sözlərinə görə, Türkiyə son 20 ildə müdafiə sənayesində böyük irəliləyiş əldə edib. Əvvəllər ölkə üçün lazım olan hərbi avadanlığın yalnız 20 faizini özü istehsal edir, 80 faizini isə xaricdən alırdı.
Hazırda isə vəziyyətin tam əksinə olduğu bildirilir.
Kübra Musayeva