Tehran üçün bütün yollar bağlandı... Britaniyadan SƏRT SANKSİYA siyahısı - DETALLAR
Böyük Britaniya hökuməti İrana qarşı sanksiya rejimini kəskin sərtləşdirmək məqsədilə yeni qanunvericilik paketini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yeni məhdudiyyətlər rəsmi Tehranın qlobal maliyyə sisteminə çıxışını tamamilə məhdudlaşdırmaq və onun nüvə proqramını maliyyələşdirmək imkanlarını minimuma endirmək məqsədi daşıyır.
Yeni sanksiyalar paketinə əsasən, İranın ticarət, dəniz nəqliyyatı, metallurgiya, enerji, qızıl hasilatı və proqram təminatı sahələrinə qarşı genişmiqyaslı bloklayıcı tədbirlər tətbiq edilir.
Bundan əlavə, Tehranın ənənəvi silah istehsalı, hərbi potensialı və nüvə proqramı üçün böhranlı əhəmiyyət kəsb edən əsas malların, texnologiyaların və xidmətlərin ixracı tamamilə qadağan olunur.
Həmçinin İranın Böyük Britaniyanın bank, sığorta və dəniz nəqliyyatı sektorlarındakı fəaliyyət imkanları dondurulur.
Məlumata görə, müəyyən humanitar istisnalar xaricində, İran aviaşirkətlərinə məxsus təyyarələrin Böyük Britaniya hava limanlarına enişinə qadağa qoyulur. Eyni zamanda, İranın sabitliyi pozan fəaliyyətlərində iştirak edən dəniz gəmilərinə qarşı sanksiya səlahiyyətləri genişləndirilir.
Aysel Mətləb