Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək
Əfqanıstan Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin nümayəndə heyəti respublika hökumətinin rəsmi dəvəti ilə Moldovaya gəlib.
TodayPress TV "Minval"a istinadən xəbər verir ki, Əfqanıstanın "Pajhwok" xəbər agentliyinin məlumatına görə, nümayəndə heyətinə İnzibati və Maliyyə İşləri nazirinin müavini Mövləvi Məhəmməd Aləm Haqqani rəhbərlik edir. Nümayəndə heyətinə nazirliyin müvafiq şöbələrinin nümayəndələri də daxildir.
Səfər çərçivəsində Əfqanıstan tərəfi kənd təsərrüfatı, kənd təsərrüfatı tədqiqatları, müasir texnologiyalar və innovasiya sahələrində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etmək üçün Moldova rəsmiləri ilə görüşlər keçirəcək.
Əfqanıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tərəflər təcrübə mübadiləsi, müasir kənd təsərrüfatı metodlarının tətbiqi, birgə layihələrin həyata keçirilməsi və iki ölkənin müvafiq elm və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırmaq niyyətindədirlər.
Nazirlik qeyd edib ki, kənd təsərrüfatı sektorunda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kənd təsərrüfatının modernləşdirilməsinə, məhsuldarlığın artırılmasına və ölkədə müasir texnologiyaların tətbiqinə yönəlmiş prioritetlərdən biri hesab olunur.