Suriya ordusunun "yenidən doğuşu" Ankaraya tapşırıldı
Türkiyə Suriyaya ordunun yenidən təşkili və təhlükəsizliyin təmin olunması istiqamətində kömək etməyə davam edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əş-Şeybani ilə danışıqların yekunlarında bildirib.
“Biz münasibətlərimizin bütün aspektlərini hərtərəfli nəzərdən keçirdik, ilk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq planlarını müzakirə etdik. Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunmasına çox ciddi yanaşırıq.
Daxildən və xaricdən gələn təhdidlər, eləcə də terrorizmlə bağlı məsələlər artıq ölkənin gündəliyində yer almamalıdır. Türkiyə Suriya ordusunun yenidən təşkili və yerli təhlükəsizlik strukturlarının potensialının gücləndirilməsi istiqamətində fəal səylər göstərir”, – deyə Fidan vurğulayıb.
Aysel Mətləb