Səudiyyə 100 min əsgəri səfərbər edir: Böyük hücum PLANI
Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı yeni hərbi əməliyyata hazırlaşdığı bildirilir. Əməliyyatın yaxın həftələrdə başlaya biləcəyi və əsas məqsədin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmək, Qırmızı dənizdə gəmiçiliyi bərpa etmək olduğu qeyd olunur.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, əməliyyata 100 mindən çox yəmənli hərbçinin cəlb edilməsi, onların Səudiyyə aviasiyası tərəfindən dəstəklənməsi nəzərdən keçirilir.
Ər-Riyadın iki ssenari üzərində düşündüyü bildirilir: sahilyanı ərazilərə məhdud hücum və ya Yəmənin müxtəlif istiqamətlərində daha genişmiqyaslı əməliyyat.
ABŞ-nin kəşfiyyat məlumatları və hərbi məsləhətçilərlə dəstək göstərəcəyi, lakin döyüşlərdə birbaşa iştirak etməyəcəyi gözlənilir.
Məlumata görə, Pakistan da husilərin raket və PUA hücumlarından Səudiyyə Ərəbistanının müdafiəsinə kömək məqsədilə ölkədə 30-40 min hərbçi yerləşdirib.
Ər-Riyad hesab edir ki, husilər Bab əl-Məndəb boğazına nəzarət etdiyi müddətdə sülh danışıqlarının bərpası mümkün deyil.
Kübra Musayeva