Qəzadan son anda qaçdı! — Hemiltonun xətası "Ferrari"yə baha başa gəldi

Qəzadan son anda qaçdı! — Hemiltonun xətası "Ferrari"yə baha başa gəldi
02.10.2026 17:41 İdman

"Ferrari"nin pilotu Lyuis Hemilton Malayziyadakı Bəhreyn Qran-prisinin ikinci sərbəst yürüşündə 9-cu döngəyə yaxınlaşarkən Qabriel Bortoletoya ("Audi") mane olduğuna görə rəsmi xəbərdarlıq alıb. 

TodayPress TV xəbər verir ki, İtaliya komandası isə pilotunu daha sürətli gələn bolid barədə məlumatlandırmadığı üçün 10 min avro məbləğində cərimələnib.

Sərbəst yürüş nəticələrinə əsasən, ikinci seansda ən yaxşı vaxtı "Ferrari"nin digər sürücüsü Şarl Lekler (1:37.528) göstərib. İkinci yeri İsak Hacar ("Red Bull", +0.099), üçüncü yeri isə Lando Norris ("McLaren", +0.137) tutub.

Stüardlar videoqeydləri, telemetriyanı və radio danışıqlarını araşdırdıqdan sonra bəlli olub ki, Hemilton 80-85 km/saat sürətlə hərəkət etdiyi halda, qızışma dövrəsində olan Bortoleto ona 240 km/saat sürətlə yaxınlaşıb. Hemiltonun trasın ortasından yarış trayektoriyasına keçməsi səbəbindən Bortoleto kəskin tormozlamaq və qəzadan yayınmaq məcburiyyətində qalıb.

Araşdırma zamanı Hemiltonun sağ arxa güzgüsünün zədəli olduğu və komandanın ona xəbərdarlıq etmədiyi nəzərə alınıb. "Ferrari" nümayəndələri yaxınlaşan sürücü sürətli dövrədə olmadıqda adətən radio ilə məlumat verilmədiyini bildiriblər. Stüardlar güzgünün zədəli olmasını və Bortoletonun bolidə nəzarəti itirməməsini yüngülləşdirici hal kimi qəbul edərək britaniyalı pilota yalnız xəbərdarlıq verməklə kifayətləniblər. Lakin komandanın zədəli güzgüdən xəbərdar ola-ola sürücüyə məlumat verməməsi "Scuderia"ya 10 min avroluq cərimə bahasına başa gəlib.

Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər