Ən çox türk düşməni Azərbaycandadır, yoxsa Türkiyədə?
Son günlər açıq görünür, Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyirlər. Neçənci dəfədir, tək bu sentyabr ayı ərzində müxtəlif mənbələr Azərbaycana şər atır.
Və çox təəssüf ki, bunların böyük əksəriyyəti Türkiyədən idarə olunan qruplardır. Şübhəsiz, biz də bir neçə detalla öz etirazımızı bildirdik. Amma Azərbaycanla Türkiyə münasibətləri elə bir həddədir ki, söhbət hansısa Türkiyədə yaşayan və bu dövlətin adından istifadə edən qaragüruhdan gedə bilməz.
Dövlət siyasəti başqadır. Türkiyənin özündə Azərbaycana bağlı böyük millətçi dairələr var, onların münasibəti tam fərqlidir. Amma bir də var mənşəcə erməni olan, türkə, türklüyə düşmən olan, iki qardaş xalqın arasını vurmağa çalışan hücrələr. Yarısını İran idarə edir, yarısını Rusiya, yarısı da Qərbdən qidalanır. Bu addımları atanlar onlardır.
Bu gün YAP-ın qurultayında Prezident çox ciddi ifadələr işlətdi. Onlardan biri də bu oldu: Heç kim bizim daxili işimizə qarışa bilməz, məsləhət verə bilməz. Hərə getsin öz xalqına, öz dövlətinə gün ağlasın.
Çıxışdan bir saat keçmədi, nə qədər anti-Azərbaycan şəbəkə var, Azərbaycana nifrət qusan, Türkiyə ilə Azərbaycanı bir-birinə düşmən etməyə çalışan hücrə var, hamısı hərəkətə keçdi. Prezidentin sitatını kəsib yapışdırdılar Türkiyənin üstünə. Guya Türkiyə haqqında deyib.
Nə qədər xəstə təfəkkürün olsun ki, ölkənin birinci şəxsinin ifadəsini belə çarpıdasan! Axı Prezident bunu niyə və harada dedi? Qurultayda xarici təzyiqlərdən danışanda dedi. Dedi ki, Azərbaycana qarşı yalan danışırlar, iftira kampaniyası aparırlar, oturub bizə necə sanksiya tətbiq etsinlər deyə müzakirə edirlər. Söhbət Qərb paytaxtlarından gedirdi. Hamı bilir, Fransa nə mövqedədir.
Ona görə Türkiyəyə bu sözləri aid etmək, o qaragüruhun arzuladığı, amma heç vaxt görməyəcəyi bir şeydir.
Türkiyə haqqında bunu necə demək olar? Axı biz 2021-ci ildə Şuşa Bəyannaməsini bağlamışıq. O bəyannaməyə görə biz müttəfiqik. Fransa Senatı məhz o bəyannaməyə görə qıcıq olub mövqe ortaya qoydu. Prezidentin dediyi də elə Fransayadır.
Bu gün Fransanın şəhərlərini miqrantların ikinci-üçüncü nəsil nəvələri yandırır. Annesi kimi cənnət şəhərdə maşınlara od vururlar, ölkəni yanğın bürüyüb. Amma Fransa yenə Azərbaycanı müzakirəyə çıxarır. Prezident də ona deyir: Get özünə gün ağla!
Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir - bunu Türkiyə Prezidenti deyib. 30 il torpaqlarımız işğalda olanda o Qərb ölkələri yox idi. İndi Qarabağ azad olunandan sonra gəlib bizə təzyiq edirlər.
Əgər Prezident Türkiyəyə elə söz desəydi, bu gün Rusiya mediası, erməni mediası toy-bayram edərdi. Bizdə beşinci kolon olduğu kimi, Türkiyədə də beşinci kolon var.
Üstəlik, bu günlərdə Azərbaycan, Türkiyə, Özbəkistan birgə hərbi təlimlərə başladı. Azərbaycan "Hürkuş" təyyarələri ilə bağlı böyük müqavilə imzaladı. Sabah da Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirləri Şuşada görüşür.
Bu qədər şanlı tarixə şər atmaq, bunun üzərindən Azərbaycanı və Türkiyəni şantaj etmək analoqu olmayan həyasızlıqdır.
Əziz Əlibəyli