Azərbaycanlı xanım ABŞ Ordusunda: “Komandirlər soyadımı tələffüz etməkdə çətinlik çəkir” – MÜSAHİBƏ
Daha bir soydaşımız ABŞ Ordusunda xidmətə başlayıb. Bu dəfə diqqətçəkən məqam onun azərbaycanlı qadın olmasıdır. Və yəqin ki, o, ABŞ Ordusunda xidmət edən ilk azərbaycanlı qadın kimi tarixə düşəcək. Bu baxımdan onun hekayəsi soydaşlarımız üçün maraqlı bir nümunədir.
Söhbət Kəmalə Surxay qızı Atakişiyevadan gedir.
TodayPress TV onun bu qərarı necə verdiyi, hərbi xidmətə aparan yolun hansı mərhələlərdən keçdiyi və qarşısına hansı məqsədləri qoyduğu barədə müsahibəni təqdim edir:
- Kəmalə xanım, əvvəla Sizi böyük uğur münasibəti ilə təbrik edirik. Sonra isə ilk sualımızı vermək istəyirik. Necə oldu ki, ABŞ ordusuna gedib çıxdınız?
- Əvvəla təbrik və məni axtarıb tapdığınız üçün çox sağ olun. O ki qaldı Amerika ordusuna gəlib çıxmağıma… Bunun üçün uzun bir yol keçmişəm.
- Elə isə yolun başlanğıcına qayıdaq. Harada doğulmusunuz? Təhsilinizi harada almısınız?
- Sumqayıtda doğulmuşam. Orta təhsilimi bu şəhərdə, bakalavr təhsilimi isə Azərbaycan Texniki Universitetində almışam. İxtisasca kompüter mühəndisiyəm. Təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə qısa müddətdə “SİNAM” şirkətində, daha sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) çalışmışam. İşlədiyim müddətdə hər zaman xarici ölkələrin birində magistratura təhsili almaq barədə düşünmüşəm. Və nəhayət 2017-ci ildə belə fürsət qazandım.
Magistratura təhsili üçün Çinə yollandım. 2 il ərzində Tsinghua Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi aldım.
- Bu Universitet bildiyimiz qədər dünyanın ən reytinqli ali təhsil müəssisələrindən biridir…
- Tamamilə haqlısınız. Tsinghua Universiteti ən son reytinqlərə görə Asiyada 1-ci və dünyada isə 17-ci (QS, 2026) yerdədir. Bu Universitetin məzunları Çində və dünyada kifayət qədər məşhurdur. Təkcə bir faktı deyim ki, Çin Xalq Respublikasının prezidenti Si Cinpin də bu Universitetin məzunudur.
Təhsil aldığım müddətdə İKT mütəxəssisi kimi bir çox layihələrdə iştirak etdim. Hətta o zaman Azərbaycan şirkətlərinin Çin bazarında təşviq edilməsi üçün həyata keçirilən layihələrdə iştirakçı olmuşam. Azərbaycanlı şirkətlərlə iş məndə sahibkarlığa maraq oyatdı. Və 2 tələbə yoldaşımla Çində şirkət qurduq. İşlərimiz pis getmirdi. Amma pandemiya dövründə bir çox kiçik sahibkarlar kimi biz də müflis olduq.
- Və geri Azərbaycana dönmək istədiniz…
- Xeyr. Əslində mənə Azərbaycandan maraqlı iş təklifləri gəlirdi. Amma mən xaricdə müasir sənayelərin təqdim etdiyi iş imkanlarindan yararlanmaq, ölkəmizə töhfəmi yeni müstəvidən vermək istəyirdim. Hələ Pekində olarkən dünyanın aparıcı şirkətləri ilə yazışırdım. Və ilk iş təklifi ABŞ-dəki Special İtems şirkətdən gəldi. Bu şirkət üçün mən virtual həllər hazırlayırdım. Sonra Meta şirkətindən təklif aldım. Bir müddət də bu şirkətlə əməkdaşlıq etdim. Metanın Birləşmiş Krallıqda, Tayvandda və digər öləklərdə təşkil etdiyi toplantılarda iştirak etdim.
- Bəs necə oldu ki, hərbi sahəyə keçdiniz?
- Düzünü deyim ki, tam təsadüfdən. Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik. Müzakirələrin sonunda ikimiz də bu qənaətə gəldik ki, ABŞ ordusunda xidmət eləmək gələcək üçün böyük fürsətlər yaradır. Elə həmin günün səhəri ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə sorğu göndərdim. Tələblərini öyrəndim və 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanınında 100 baldan 95-ni topladım. Eyni zamanda fiziki və sağlıq testlərindən də uğurla keçdim.
- Bu qədər asan..?
- (Gülür) Əsla. Ən çətin günlərim bundan sonra başladı. Bilirsiniz ki, Amerika ordusu dünyanın ən güclü ordusudur. Bu orduda xidmət keçmək, xüsusilə ilk 6 ayda çox-çox çətindir. İnanırsınız ki, xidmətimin ilk aylarında o qədər peşmanlıq çəkdim, öz-özümü danladım ki, “haradan başıma iş açdım”.
Mən hərbi-hava qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Mənim işim helikopterlərin elektronika sistemlərinə nəzarət olsa da xidmətin ilk ayında çox çətin sınaqlardan keçdim. Bunları bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Amma qısaca onu deyim ki, Amerika filmlərində gördüyünüz ABŞ hərbçilərinin ağır təlimlərinin hamısını mən keçmişəm. Təsəvvür edin ki, biz ilk təlimlərə başlayanda 42 nəfər idi. Amma sonra 29 nəfər qalmışdı. Qalan yoldaşlarımız fiziki və psixoloji çətinliklər səbəbindən xidməti buraxmalı oldu.
- Sizin soyadınız xeyli uzundur və çətin səslənir. Heç soyadınızı dəyişmək istəmədiniz ki?
- Haqlısınız. İngiliscə Atakişiyeva demək çox çətindir. Xüsusilə hərbi hissədə. Bir gülməli məqamı deyim ki, cərgəyə dayananda və yaxud iş başında komandanlıq məni səsləyəndə çox çətinlik çəkir (Gülür). Komandir ən azı 2-3 dəfə soyadımı hecalayır. Ona görə də mənə soyadımı dəyişmək təklif olundu. Yeni soyadım kifayət qədər maraqlı səslənirdi - Kamala Atak. Amma mən razılaşmadım. Dedim ki, “qoy hər kəs mənim soyadımı eşidəndə azərbaycanlı olduğumu bilsin”. Bu da mənə xüsusi qürur verir.
- Sirr deyilsə növbəti hədəfləriniz nədir?
- Hələ ki, orduda xidmət edirəm. Amma 40 yaşından sonra siyasətə qoşulmaq istəyirəm. Mən təhlillər aparmışam. Ortaya çıxan fakt isə ondan ibarətdir ki, Amerikada hərbidən siyasətə gələnlər çox böyük uğur qazanır. Ən uğurlu və sevilən siyasətçilər, lap elə Con Kennedi zamanında hərbçi olub. Mən də bu yolla getmək istəyirəm, İnşallah.
- Bəs Azərbaycan üçün darıxmırsınız?
- Darıxıram. Demək olar ki, hər gün Azərbaycandakı dostlarımla yazışıram. Valideynlərim arada yanıma gəlir. Qardaşım Sübhan da yaxındadır. Kanadanın Monreal şəhərində yaşayır. Süni intelekt mütəxəssisidir. Tez-tez onunla görüşürük. Əslinə baxsan iş o qədərdir ki, darıxmağa vaxt qalmır. İnşallah Yeni ildə valideynlərimi ziyarət etmək üçün Azərbaycana gələcəm.
- Elə isə Bakıda görüşənədək…
- İnşallah, görüşərik.
Qeyd edək ki, Kəmalə Atakişiyeva uzun illər müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərən, hazırda Bizim.Media informasiya portalının əməkdaşı olan jurnalist Surxay Atakişiyevin qızıdır.