Paşinyan II Qaregini taxtdan salır! Parlament təcili komissiya yaratdı
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Erməni Həvari Kilsəsi ətrafındakı böhranın həlli üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat ölkənin qanunverici orqanının saytında dərc olunub.
""Milli Məclisin reqlamenti haqqında" Konstitusiya qanununun 20-ci maddəsinin 1-ci hissəsinə və 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, deputatların ən azı dörddə birinin xahişi ilə, Erməni Həvari Müqəddəs Kilsəsinin bir sıra din xadimlərinin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhranı və bundan irəli gələrək onun erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında müstəsna missiyasını yerinə yetirməməsini araşdırmaq məqsədilə Milli Məclisin istintaq komissiyası yaradılıb", - deyə Rubinyanın qərarında bildirilib.
Xatırladaq ki, oktyabrın 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətin Bütün Ermənilərin Katolikosu II Qaregini taxtdan kənarlaşdırmaq üçün mümkün rıçaqlarından istifadə edəcəyini növbəti dəfə bəyan edib.
Aysel Mətləb